SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Bankın (AMB) İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib.

BAKU.WS xəbər verir ki, AMB-dən "oxu.az"a verilən məlumata əsasən, rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1,5 faiz, 12 aylıq inflyasiya isə 11,1 faiz təşkil edir.

Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 faiz, orta illik baza inflyasiya isə 3,9 faiz təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1,9 faiz yüksəlib, illik ərzaq inflyasiyası 14,9 faiz təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7,4 faiz olub.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0,5 faiz, son 1 ildə 7,1 faiz yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,8 faiz olub.

Xidmətlər noyabrda 1,6 faiz, son 1 ildə 9,1 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5,4 faiz təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir.

İllik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir.

Son aylarda bəzi əmtəə qiymətləri və qlobal daşınma xərcləri pik səviyyə ilə müqayisədə azalsa da, pandemiya öncəsi səviyyədən əhəmiyyətli yüksəkdir.

Dünya Bankının məlumatına görə noyabrda dünya birjalarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2,1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 24,7 faiz artıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri cari ilin noyabr ayında 1,2 faiz, son ildə isə 27,3 faiz yüksəlib. Son 1 ildə un məmulatları 23,2 faiz, süd məhsulları 19,1 faiz, yağlar 51,4 faiz, şəkər 36,4 faiz bahalaşıb.

Bir sıra ərzaq ixracatçılarında hava şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə təsir edir. Qlobal təchizat zəncirində problemlərin (konteyner daşımaları, mikrosxemlərin istehsalında yubanmalar və s) qalması xammalın və hazır məhsulun çatdırılma xərclərini artırır.

Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21,4 faiz yüksəlib.

Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olmuşdur.

Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29 faizi inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.

Yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6,3-6,6 faiz, illik inflyasiya isə 11,4-11,9 faiz səviyyəsində gözlənilir.

Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

BAKU.WS