SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün sosial şəbəkələrin gündəmində olan məsələlərdən biri də Azərbaycanda əhaliyə satılan qazın qiymətinin guya SOCAR-ın Gürcüstana satdığı qazın qiymətindən yüksək olmasıdır.

İddia olunur ki, Azərbaycanda əhaliyə satılan 1000 kubmetr təbii qazın tarifləri 70,5 ABŞ dolları, 118 ABŞ dolları və 147 ABŞ dolları olduğu halda, Azərbaycanın Gürcüstana satdığı təbii qazın qiyməti daxili tariflərin yuxarı həddindən aşağıdır və cəmi 92 ABŞ dolları təşkil edir.

Həmçinin iddia olunur ki, BP şirkətinin Azəri-Çıraq-Günəşli yataqlarından çıxardığı səmt qazı SOCAR-a ödənişsiz verilir və SOCAR bu qazın hesabına ölkə tələbatının 40 faizini pulsuz təmin edə bilər.

Bu iddiaların nə dərəcədə əsaslı olub-olmadığını aydınlaşdırmaq üçün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova mövzu ilə bağlı suallar ünvanladıq.

O, iddialara cavab olaraq Oxu.Az-a açıqlama verib:

“Gürcüstana ixrac etdiyimiz qazın qiyməti əslində qeyd etdiyiniz qiymətdən hazırda xeyli yüksəkdir. İxrac olunan qazın topdansatış qiyməti müvafiq razılaşdırılmış düstur əsasında dəyişir. Bu qiymətin üzərinə qazpaylayıcı şəbəkələrin xərcləri də gələndə hazırda Gürcüstan əhalisi üçün qüvvədə olan tarif - 1000 kubmetr qaz üçün 180 dollardır. Bu da iddia olunan 92 dollar qiymətindən iki dəfə yüksəkdir. Gürcüstanda kommersiya təyinatlı qurumlar üçün topdansatış və pərakəndə satış qiymətləri daha yüksəkdir və hər 1000 kubmetr üçün, müvafiq olaraq, 190 və 360 dollar təşkil edir. Daha uzaq ölkələrə ixrac etdiyimiz təbii qazın qiyməti isə daha da yüksəkdir”.

İbrahim Əhmədov eyni zamanda qeyd edib ki, Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə bu ildən etibarən ölkə daxilində təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili ilə “Azərkontrakt” ASC məşğul olur:

“Yəni, istər BP, istərsə də digər şirkətlərdən, o cümlədən SOCAR-dan qazın əldə olunmasının haqq-hesabı “Azərkontrakt”a aid olan məsələdir. SOCAR-ın artıq bu haqq-hesaba aidiyyəti yoxdur”.

İbrahim Əhmədovun sözlərinə görə, ötən ilə nəzər saldıqda, BP-nin Azərbaycana təhvil verdiyi səmt qazının həcminin 2,2 milyard kubmetr olduğunu görürük:

“Azərbaycanın daxili qaz istehlakı isə 2020-ci ildə 12 milyard kubmetr təşkil edib. Yəni BP vasitəsi ilə Azəri-Çıraq-Günəşli yataqlarından alınan qaz ümumi daxili istehlakın 40 faizini deyil, 18 faizini təşkil edir. BP-dən əldə edilən qazın yalnız hasilat xərci sıfıra bərabər olub, ancaq qazın təmizlənməsi, daşınması, saxlanılması, ölkə ərazisində paylanması, boru kəmərlərinə xidmət, enerji sərfiyyatı, vergi, inzibati xərcləri kimi digər məsrəflər öz yerindədir. Sadəcə Azəri-Çıraq-Günəşlidən əldə edilən səmt qazının ümumi maya dəyəri digər mənbələrdən əldə edilən təbii qazın maya dəyəri ilə müqayisədə kifayət qədər aşağı olub”.

Dövlət şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini sonda əlavə edib ki, bu gün SOCAR Azərbaycanda təbii qazı hasil edən yeganə şirkət deyil, istehsalçı şirkətlərdən biridir, “Azərkontrakt” isə təbii qazı müxtəlif şərtlərlə SOCAR, BP və digər şirkətlərdən alır, elektrik enerji istehsalçılarına, qazpaylayıcı şəbəkələrə topdansatış qiyməti ilə satır və aldığı qazın qiyməti, mənbəyindən asılı olaraq, dəyişir.

BAKU.WS