SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, sərəncamla Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilir.

Həmçinin sərəncamda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamalı, Nazirlər Kabineti istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etməli və yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.

BAKU.WS