Suriya münaqişəsinin həlli istiqamətində Rusiya, Türkiyə və İran arasında 5-ci görüş dünən Ankarada baş tutdu. Fərqli maraqları olan bu ölkələrin dünənki görüşdə ortaq məxrəcə gəldiyi məsələ münaqişənin danışıqlar yolu ilə həlli və Suriyanın ərazi bütövlüyünün qorunması olub.

Ümumilikdə Ankara görüşünü Suriya münaqişəsinin həlli istiqamətində necə qiymətləndirmək olar?

BAKU.WS bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu öz təhlillərini təqdim edib.

E.Şahinoğlu təhlilini bir neçə maddə ilə izah edib. O, birinci olaraq Astana görüşündəki fikir ayrılıqlarını xatırladıb:

“Astana prosesindəki fikir ayrılıqları elə görüşdən əvvəl özünü biruzə verdi. Məsələn, görüşdən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, İdlib şəhərini və Fərat çayının şərq sahilini çıxmaq şərtilə Suriyada müharibə bitib. Başqa sözlə Moskva hesab edir ki, İdlib terrorçulardan təmizlənməli, ABŞ qoşunları Fərat çayının şərqini tərk etməlidirlər. Türkiyə bu iddianın ikinci hissəyilə razılaşa bilər, yəni ABŞ qoşunları Fərat çayının şərqini tərk etməlidirlər. Ancaq Ankara bununla bərabər Fərat çayının şərqini PKK uzantılarından da təmizləmək istəyir ki, rusiyalı rəsmilərin bununla bağlı konkret açıqlamaları yoxdur.


Politoloq Rusiya prezidenti Vladimir Putininin Ankara görüşündə PKK və onun uzantılarının adlarını tələffüz etmədən Türkiyənin sərhədlərini qorumaq hüququnun olduğunu söyləməsinə işarə edib və bunu belə izah edib:

“Yəni, Putin Türkiyə ordusunun Fərat çayının şərqinə doğru əməliyyatına qarşı deyil. Ankarada İdliblə bağlı fikir ayrılığı da ortadan qaldırılmadı. Rusiya prezidenti mətbuat konfransında çıxışı zamanı ona işarə etdi ki, İdlibdə terrorçular qaldıqca Suriya ordusunun bu şəhərdə əməliyyat keçirməsi hüququ var. Aydındır ki, məsələnin bu cür qoyuluşu ilə Rəcəb Tayyib Ərdoğan razılaşa bilməzdi. Türkiyə Prezidenti Sergey Lavrovun “müharibə bitib” yanaşmasını da qəbul edə bilməz. Çünki o vaxta qədər ki, Fərat çayının şərq hissəsi - Suriyanın az qala 20-25 faizi PKK uzantılarının nəzarətindədir, Türkiyə üçün Suriyada müharibə bitməyib. Digər tərəfdən Türkiyə Suriyada nəzarət etdiyi ərazilərdə yaşayış məntəqələri yaratmaq istəyir ki, qaçqınları oralarda yerləşdirə bilsin. Ancaq Ankara istəyir ki, bu problemin həllində tərəfdaşları ona dəstək versin. Avropa dövlətləri, o cümlədən Tehran və Moskva Ankaranın bu planını dəstəkləsələr də, əllərini daşın altına qoymurlar. Tam əksinə, İran prezidenti Ankaradakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, bəs 40 il ərzində Əfqanıstandakı müharibələrdən qaçan 3 milyon əfqan İranda sığınacaq tapıb və İrana heç kim kömək etməyib. Yəni, Həsən Ruhani demək istədi ki, İrana qaçqın probleminin həllində heç bir dövlət kömək etməyibsə, Türkiyə də kiminsə köməyinə bel bağlamasın”.

E.Şahinoğlu Ankarada prezidentlərin razılaşdırdığı əsas məsələnin Suriya Konstutisiyasını müəyyənləşdirəcək komitənin tərkibinin müəyyənləşdirilməsi olduğunu qeyd edib:

“Bu komitənin müəyyənləşdirilməsini ən çox Putin arzulayırdı. Çünki Kremlin məntiqinə görə Bəşər Əsəd rejimi ilə müxalifət nümayəndələr arasında gələcək Konstitusiyanın müəyyənləşdirilməsi məqsədilə danışıqlar başlayarsa, bu, kənar dövlətlərin Suriyaya müdaxiləsinə son qoymalıdır. Ankara və Tehran Konstitusiyanın müəyyənləşməsinə etiraz etmirlər. Putin Suriya Konstitusiyasının müəyyənləşməsi üçün danışıqların intensivləşməsinin tərəfdarıdır. Yeri gəlmişkən, Kreml sahibi Konstitusiya komitəsində müxalif nümayəndələrinin müəyyənləşməsində Ərdoğanın xüsusi rolunu vurğuladı”.


“Atlas” rəhbəri Ankarada ikitərəfli görüşlərdə də mühüm məsələlərin müzakirə edildiyini vurğulayıb və Putinin iradlarına diqqət çəkib:

“Ankara toplantısı Suriya ilə bərabər ikitərəfli görüşlərdə qarşılılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə də yadda qaldı. Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşündə iki ölkə arasındakı ticarət mübadiləsinin 17 faiz artımından məmnuniyyətini dilə gətirdi. Putin Ərdoğanla görüşdə də ikitərəfli əlaqələrdən məmnuniyyətini səsləndirsə də, iki iradını bildirməkdən də çəkinmədi. Birincisi, Putin dedi ki, ticarət mübadiləsində milli valyutaya keçidi sürətləndirmək lazımdır və o Ankaranın daha çevik hərəkət edəcəyinə ümidini vurğladı. Putinin ikinci iradı onunla bağlı idi ki, Moskva Türkiyədən öz bazarını Rusiyanın metallurgiya və kimya sənayesi məhsullarına qoyduğu məhdudiyyətləri ortadan qaldırmasını gözləyir”.

Elxan Şahinoğlu son olaraq Türkiyənin Suriya ilə danışıqlar masası arxasına oturmağın vacib olduğunu qeyd edib:

“Suriyada müharibə başlayanda Bəşər Əsədin mövqeləri zəif idi, Ankara düşünürdü ki, Əsəd rejimi tab gətirməyəcək və ona qarşı tənqidini artırdı. Ancaq üstündən 8 il keçdikdən sonra Bəşər Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qorumağa müvəffəq oldu. Odur ki, hazırda Əsəd yenidən ölkəsində əsas gücdür. Buna görə də Ankara ilə Dəməşq arasında müzakirələrin başlaması mümkündür. Bunu Tehran və Moskva da istəyir.

Hazırda Türkiyənin təhlükəsizlik maraqları Suriyadakı real hakimiyyətlə təmaslara başlamağı diqtə edir. Başqa alternativ yoxdur. Əslində Bəşər Əsəd rejimi də xoş addım atmaqla Ankara ilə arasındakı körpüləri bərpa edə bilər. Məsələn Suriya ordusu Fərat çayının şərh sahilindəki PKK uzantılarına qarşı hərbi əməliyyata başlayarsa və ya ən azı bu niyyətini ortaya qoyarsa bu Türkiyənin Əsəd baxışını dəyişdirə bilər. Türkiyənin özü üçün də çətindir. Türkiyə Suriyada bir-birlərini qəbul etməyən Rusiya və Amerika taktiki birlik içindədir. Məsələn Türkiyə İdliblə bağlı Moskva, Fərat çayının şərq hissəsinə nəzarət etmək üçün isə Amerika ilə danışıqlar aparır. Halbuki, Ankaranın Suriyadakı problemlərin həlli üçün elə birbaşa Dəməşqlə təmas qurması vacibdir”.


BAKU.WS