Türkiyənin Diyarbəkir şəhərinin Silvan qəsəbəsində 3 ailə arasında silahlı dava düşüb.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Məlumata görə, Gülşən Poyraz adlı qadın ailədaxili münaqişəyə görə atasının evinə gedib. Bundan qəzəblənən həyat yoldaşı və onun qohumları Güləşin atası Ənvər Təkinin evinə gediblər. Ata isə qızını geri göndərmək istəmədiyi üçün ailələr arasında münaqişə düşüb. Bu zaman Təkin ailəsinin qohumları olan Narin ailəsinin bir neçə üzvü onlara köməyə gəlib.

Qadının həyat yoldaşı və qohumları özləri ilə gətirdiyi “Kalaşnikov” və tüfənglərlə iki ailəni gülləbaran ediblər. Nəticədə Narin və Təkin ailəsindən ümumilikdə 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal polislər və təcili yardım briqadaları gəlib. Polisin keçirdiyi əməliyyat nəticəsində M.P tutulub, hazırda isə 2 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS