VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur. İki ay öncə “Reuters” agentliyinin müxbiri  İraqın paytaxtı Bağdadda yerləşən Rusafa qadın həbsxanasından geniş reportaj hazırlayarkən azərbaycanlı uşaqların ona necə yalvarmasından bəhs etmişdi.

“Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin” deyə azərbaycanlı bir qız müxbirə dil töküb. “Bizə paltar, dərman gətirmisən? Bizə dərman lazımdır”. Bunu isə digər mavi hicablı azərbaycanlı qız deyib. Həbsxana direktoru müxbirə bildirib ki, bu sözləri deyən azərbaycanlı qızın anası ömürlük həbsə məhkum olunub.

Çünki anası İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı isə məlum deyil. “Reuters” Azərbaycan üçün çox mühüm sensansiyalı məlumat da açıqlayıb. Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş əcnəbi ölkələrdən biridir! 

BAKU.WS
musavat.com-a istinadən xəbər verir ki, bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazmışdı.

Qeyd edək ki, 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirmişdi ki, ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Elə həmin il millət vəkili Qənirə Paşayeva İraqda səfərdə olmuş və orada kimsəsizlər evində qalan 20 azərbaycanlı uşaqla görüşmüşdü. Həmin uşaqlar millət vəkilinə “Məni də apar özünlə evimizə”, “Mən də getmək istəyirəm Azərbaycana”, “Bizi nə zaman aparacaqsınız buradan” deyə yalvarmışdılar.

Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Bundan sonra bu məsələ uzun müddət gündəmdə qaldı və dövlət rəsmiləri məsələyə reaksiya verərək, müvafiq qurumların tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etdi. Hətta əvvəl 9 uşaq, daha sonra isə digər uşaqların ölkəyə gətirildiyi barədə açıqlama verilib.
Beləliklə, yayılan informasiyalardan belə məlum olur ki, hələ də İraqda çoxlu azərbaycanlı qadın və uşaqlar saxlanılmaqdadır. Qadınların İŞİD-ə qoşulduqları üzərində cinayət məsuliyyəti yaratdığından hələlik onların ölkəyə gətirilməsi mümkünsüz görünür. Lakin günahsız uşaqların ölkəyə gətirilməli olduğu bildirilir. Artıq bir neçə dövlət İraqdakı vətəndaşlarının, xüsusən də uşaqların öz ölkəsinə gətirilməsinə nail olub, bu yöndə ciddi işlər aparmaqdadır.

Məsələn, bu yaxınlarda Tacikistan hökumətinin İraqdan 84 azyaşlını repatriasiya etdiyi barədə məlumat yayıldı. Eləcə də Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan vətəndaşlarına qarşı çox sərt mövqe nümayiş etdirsə də bir müddət bundan əvvəl onun  təşəbbüsü ilə Suriya və İraqın qaynar nöqtələrində qalan 100-ə yaxın insan Qroznıya gətirildi. Onların arasında qadınlar, uşaqlar da var.

Bəs İraqda gözü yolda qalan, qarşılarına çıxan hər kəsdən onların ölkəsinə geri qaytarılmasını yalvaran azərbaycanlı uşaqların taleyi necə oldu?  Rəsmi qurumlar bu barədə hansı işlər aparır?
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın İraqdakı Səfirliyi mütəmadi əsaslarda İraqın XİN və digər aidiyyəti qurumları ilə təmasdadır: “Məlum olduğu kimi, ötən il İraqdan valideynlərini itirmiş 20 azyaşlı uşaq ölkəmizə qaytarılıb. Bu istiqamətdə işlər müvafiq qaydada davam etdirilir”.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi isə qeyd edib ki, həmin uşaqlar bütün avadanlıqlarla təmin olunub, onların psixoloji durumları və digər problemlərinin həlli yolunda Səhiyyə Nazirliyi, DTX, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi komitə ilə birgə bu işi aparır.
BAKU.WS