SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən həftə Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti xüsusi olaraq hansısa razılaşma olmadı. Liderlər daha çox ikitərəfli görüşlər keçirərək sammiti dəyərləndirməyə çalışdı.

BAKU.WS xəbərə verir ki, politoloq Elxan Şahinoğlu bu məsələyə diqqət çəkərək G20 sammitinin əsas məqsədinin liderlərin birlikdə və ayrılıqda fikir mübadiləsi aparmaları üçün fürsət olduğunu bildirib:

“Məsələn, ABŞ-ın Çin və Rusiya ilə münasibətləri gərgindir. Vaşinqton həm Pekinə, həm də Moskvaya qarşı sanksiyaları sərtləşdirir. ABŞ prezidenti Donald Tramp Osakada həm Çin, həm də Rusiya lideri ilə ayrılıqda görüşdü və nəticələrdən razı qaldı. Əlbəttə, bu ikitərəfli görüşlər dərin problemləri həll etmədi və etməyəcək, ancaq ortam nisbətən yumşaldı. Tramp Osaka sammitindən səmərəli istifadə edərək yolüstü Koreyaya da baş çəkdi və Şimali Koreyanın lideri ilə fikir mübadiləsi apardı”.



Rusiya prezidenti Vladimir Putinin də boş dayanmadığını deyə politoloq ikitərəfli görüşlərdə aktual mövzuları müzakirə edildiyini vurğulayıb:

“Məsələn, Skripal olayına görə Moskva ilə London arasında münasibətlər soyuqdur və uzun müddət idi ki, iki ölkə arasında rəsmi təmaslar mövcud deyildi. Putin Osaka görüşü öncəsi əvvəlcə İngiltərənin nüfuzlu qəzetinə müsahibə verdi, Yaponiyada isə İngiltərinin baş naziri Tereza Meylə görüşdü. Doğrudur, Tereza Mey artıq vəzifəsindən gedir və bu, onun sonuncu sammiti idi. Buna baxmayaraq, Putin Meylə görüşdən yayınmadı. Yeri gəlmişkən, Putinin İngiltərə qəzetinə verdiyi müsahibədə dediyi “satqınlar cəzalandırılmalıdırlar” fikri dolayısıyla ona işarədir ki, Skripal Moskva tərəfindən cəzalandırılıb. Bundan bir neçə il əvvəl isə Londonda eyni üsullar digər “satqın” Litvinenko cəzalandırılmışdı”.


Elxan Şahinoğlu sammitdən ən faydalı ayrılan tərəfin Türkiyə olduğunu sözlərinə əlavə edib:

“Osakadakı sammit Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan üçün də vacib idi. Tramp Ərdoğanla görüşdə dedi ki, ABŞ-ın Türkiyəyə vaxtilə “Patriot” raketlərinin satmaması keçmiş prezident Barak Obamanın günahıdır. Digər vacib məqam isə ondan ibarət idi ki, Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcəyini bəyan etdi. Çünki Türkiyə Rusiyadan müasir raketlər aldığına görə Amerikanın hədəsi ilə üz-üzədir. İndi isə bəlli olur ki, Ağ Ev sahibi Ankaranı sıxışdırmaq istəmir. Əlbəttə, Trampın dedikləri bu o demək deyil ki, Amerika Türkiəyə qarşı təzyiq siyasətindən əl çəkəcək. Buna baxmayaraq, Trampın açıqlamaları Ərdoğanın arqumentini gücləndirdi. Elə tək buna görə Osaka sammitini Türkiyə üçün faydalı hesab etmək olar”.


Fərid ƏDALƏT
BAKU.WS