SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda etiraz aksiyaları nəticəsində istefaya məcbur edilən parlament sədri İrakli Kobaxidzedən boşalan yerə yeni spiker seçilib.

BAKU.WS 1tv.ge-yə istinadən xəbər verir ki, bu gün plenar iclasda keçirilən səsvermədə Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.
150 deputatdan 94-ü Talakvadzenin lehinə səs verib və o, parlamentin yeni sədri seçilib.

“Milli Hərəkat” və “Avropa Gürcüstan” partiyasının üzvləri səsvermədə iştirak etməyiblər.

Qeyd edək ki, iqtidardakı “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndəsi olan Talakvadze 2012-2014-cü illərdə Penitensiar Xidmətin rəis müavini, 2014-2016-cı illərdə daxili işlər nazirinin müavini olub.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA