Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə növbəti canlı yayım 4 saat 8 dəqiqə davam edib.

17-ci dəfə keçirilən canlı yayıma vətəndaşlardan təxminən 2 milyon sual daxil olub. Prezident ölkə vətəndaşlarının həyat səviyyəsi, səhiyyə, iqtisadiyyat, korrupsiya ilə mübarizə, müasir texnologiyaların inkişafı, biznesə dəstək və digər sahələrə dair 81 sualını cavablandırıb.

Rusiya lideri beynəlxalq məsələlərə, o cümlədən ABŞ-la münasibətlərə, Suriya münaqişəsinin həllinə və digər mövzulara da toxunub. V.Putin Suriya probleminin həllində tərəfdaş ölkələrin, o cümlədən Türkiyə və İranın, habelə Avropa dövlətlərinin dəstəyinə ümid bəslədiyini söyləyib. ABŞ-ın İrana qarşı güc tətbiq edə biləcəyi barədə suala cavabında Rusiya dövlətinin başçısı bildirib ki, bu, region üçün böyük fəlakətə çevrilə, çoxlu sayda insanın qaçqın düşməsinə səbəb ola bilər.

Münaqişənin hərbi yolla həllinin nəticələrini hesablamaq belə çətindir. V.Putin qeyd edib ki, İran şiə ölkəsidir: “İslam dünyasında bilirlər ki, bu insanlar öz mənafelərini, ölkələrini müdafiə etmək üçün hər şeyə hazırdırlar”. Rusiya Prezidenti vəziyyətin bu dərəcəyə gəlib çıxmasını arzuolunmaz hesab edib.

Vladimir Putin internetin suverenliyi və yalan məlumatların yayılması problemindən danışarkən bildirib ki, bu məsələ getdikcə daha kəskin şəkil alır. O, bilərəkdən yalan informasiya yayılmasına görə cəzaların sərtləşdirilməsinə hələlik ehtiyac duyulmadığını vurğulayıb.

BAKU.WS