SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Tbilisidə parlamentin binasında keçirilən Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclası zamanı Rusiyanı təmsil edən kommunist Sergey Qavrilov iclasa sədrlik edib və Gürcüstan parlamentinin sədrinin kreslosunda - yəni yuxarı başda oturub.

BAKU.WS xəbər verir ki, bu mənzərə gürcü cəmiyyətində böyük həqarət kimi qəbul olunub və ölkə çalxalanmağa başlayıb. Həmin an içəridə olmayan müxalifətçi millət vəkilləri (“Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat) vətəndaş cəmiyyətinin fəalları ilə birlikdə hay-küylə zala daxil olaraq iclası pozublar. Deputatlardan biri Rusiya nümayəndə heyətinin üstünə su atıb. Müxalifətçilər kreslonu mühasirəyə alaraq Qavrilovun bir daha orada oturmasına imkan verməyəcəklərini bildiriblər.


Kritik səhvə yol verdiklərini anlayan Bidzina İvanişvili dərhal sərt bəyanat yayıb və işğalçı ölkənin nümayəndəsinin Gürcüstanda hər hansı toplantıya sədrlik etməsinin yolverilməz olduğunu vurğulayıb. “Gürcü Arzusu”nun digər liderləri və prezident Zurabişvili də sərt bəyanatlar veriblər. Toplantı bir daha bərpa olunmayıb və Rusiya nümayəndə heyəti mühafizə altında hava limanına aparılaraq Moskvaya göndərilib.

Axşam saatlarında insanlar Rustaveli prospektinə, parlamentin binası qarşısına toplaşıblar. Başqa şəhərlərdə də aksiyalar başlayıb. Parlamentə daxil olmağa cəhd edən kütlənin qarşısını polis kordonu çətinliklə alıb. Saakaşvili Ukraynadan Gürcüstan polisini hakimiyyətə tabe olmamağa çağırana qədər polis güc tətbiq etməyib və korrekt davranı. Müxalifət də prosesi inqilabi ssenari üzrə aparmayaraq yalnız parlament sədri İrakli Kobaxidze, daxili işlər naziri Georgi Qaxariya (Rusiyanın adamı olduğu deyilir) və DTX sədri Qomelaurinin istefasını tələb edirdi. Lakin Saakaşvilinin müraciətindən sonra hadisə yerinə xüsusi təyinatlılar göndərildi və polis gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etməyə başlayıblar. Onlarla yaralanan olub.


Siyasi ekspert Şahin Cəfərli bu hadisə ilə Gürcüstanda Rusiyanın nüfuzunun test edildiyini bildirib:

“Əvvəla, son vaxtlar özünün “yumşaq güc” vasitələri ilə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi və gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi”.
Ekspert vurğulayıb ki, bu hadisə yaxınlaşan parlament seçkiləri öncəsi “Gürcü Arzusu”nun mövqelərinə zərbə vuracaq. Çünki Rusiya ilə təhlükəli yaxınlaşmanın müəllifi iqtidar partiyası və şəxsən İvanişvilidir:

“Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq”.


Bu məqamda qeyd edək ki, artıq parlament sədri İrakli Kobaşidze istedfa verdiyini açıqlayıb.

Ş.Cəfərli sözlərinə əlavə edib ki, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir:

“Bu siyasət yəqin ki, sona yetəcək və son həftələrdə “gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu” qismində ortaya çıxıb, ölkədə at oynadan iş adamı Levan Vasadze tipli agent-provokatorlar səhnədən yığışdırılacaq. (Vasadze Rusiyanın dövlət şirkətlərində yüksək vəzifələr tutub və Duginin dostudur.) Moskva ilə münasibətlərdə növbəti soyuqlaşmanın başlaması gözləniləndir”.

Politoloq Kamran Sultanlı hesab edir ki, bu hadisələr Gürcüstanda Avrointeqrasiya tərafdarları ilə Rusiyayönümlülər arasında mübarizənin nəticəsidir:

“Gürcü müxalifəti sərt reaksiya verməklə, İvanaşvili administrasiyasının Rusiya ilə əlaqələrini ifşa etdi. Həmçinin, Gürcüstan üçün prioritetin əvvəlki tək Avro-Atlantik inteqrasiya olduğu mesaj verildi. Saakaşvilinin də Gürcüstan sərhədlərinə yaxınlaşması, İvanaşvili hakimiyyəti üçün əlavə təhdiddir. Hazırda İvanaşvilinin əsas rəqibi, Saakaşvilinin toplum arasında qalan reytinqidir. Bu, 2020-ci il parlament seçkiləri öncəsi müxalifətin əlini gücləndirəcək. Müxalifət sübut etdi ki, Gürcüstanda siyasi proseslərdə öz təsirini hələ də saxlayır”.


Ekspert qeyd edib ki, Gürcüstanda Rusiyanın zəifləməsi və şimal-qərb qonşumuzun üzü Qərbə tərəf baxması, bizim də maraqlarımıza uyğundur:

“Çünki Qərb üçün Azərbaycan və Gürcüstan birlikdə önəmlidir. Bu baxımdan Rəsmi Bakı blokadaya düşməmək üçün, həmçinin Rusiyanın gücünü neytrallaşdırması baxımından Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasına dəstək olmağa davam edəcək”.

Bu arada, Gürcüstan Prezidenti Saloma Zurabişvili baş verənlərə görə məsuliyyəti Rusiyanın daşıdığını vurğulayıb və baş verənləri “Moskvanın planları” adlandırıb. O, Belarusda rəsmi səfərini də yarımçıq qoyaraq ölkəyə qayıdıb.

Hakim Gürcü Arzusu Partiyasının qurucusu və hakimiyyətin "boz kardinal"ı, milyarder Bidzina İvanişvili isə Qavrilovun parlament sədrinin kreslosunda oturmasını “protokol səhvi” adlandırıb.

Fərid ƏDALƏT
BAKU.WS