Son zamanlarda ABŞ və İranın danışıqlar masası arxasına keçmək istədiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdi. Hətta iki ölkənin rəhbərliyi də müəyyən şərtlər daxilində buna hazır olduğunu açıqlamışdı.

Lakin, görünən budur ki, bu iki ölkənin münasibətlərinin normallaşmasını istəməyə qüvvələr var. Belə ki, iki gün öncə Oman körfəzində iki tankerin partladılmasından sonar bütün diqqətlər yenidən İrana yönəlib və partlayışda bu ölkə ittiham edilib. ABŞ dövlət katibi Mayk Pompeo açıqlamasında İranı açıq olaraq hədəf göstərib.

İran tərəfi isə hadisədən dərhal sonra yanan iki gəmidən ümumilikdə 44 nəfəri xilas etdiyini açıqlamışdı.

Bu hadisə ilə bağlı Londonda yaşayan əslən səudiyəli olan ekspert və universitet müəllimi Hezam Hezam maraqlı versiya irəli sürüb. O, hücumun Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyatı tərəfindən törədildiyini iddia edib:


“BƏƏ neft tankerlərinə hücum etməklə İrana qarşı hiylə işlədir. BƏƏ kəşfiyyatı tankerlərə hücum etməklə İrana qarşı müharibəyə başlamaq istəyir. BƏƏ əl-Fuceyrə limanı yaxınlığına tankerləri partlatdıqdan sonra Oman dənizində də neft tankerlərinə hücum edib. Məhz buna görə, hücumdan qabaq orada fövqaladə vəziyyət elan edilmişdi. Sözügedən hücumun yeqanə səbəbi ABŞ-ı, Omanı və Pakistanı İrana qarşı müharibəyə təhrik etməkdir”.

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu isə başqa bir versiya səsləndirib. O, bu hadisəni İran ətrafında baş verən proseslərin tərkib hissəsi kimi qiymətləndirib və təxribatın da İran və ABŞ-ın öz daxilindəki bu iki ölkənin münasibətlərinin normallaşmasını istəməyən radikal qüvvələr tərəfindən törədilməsi ehtimalına daha çox üstünlük verib:

“Əslində hazırda tərəflərin heç birinə - nə ABŞ, nə də İrana gərginliyin yaşanması sərf etmir. Buna görə də bu hadisə ilə bağlı bir neçə versiya ortaya çıxır. Regionda olan bəzi qüvvələr İran və Qərbi üz-üzə qoymaq və vəziyyəti daha da gərginləşdirmək üçün bu hücumu təşkil edə bilərmi? İranın öz mövqelərini daha da möhkəmləndirmək, ən azından Körfəzlərə nəzarət imkanlarını Qərbə göstərmək üçün bu hücumları həyata keçirə bilərmi?


İran və ABŞ-ın özündə siyasi dialoqa hazır olan siyasətçilər olduğu kimi, bunun əksini istəyən, bu gərginlikin yaşanmasından divident əldə etmək istəyən qüvvələr də var. Bu, hər iki tərəfdən verilən ziddiyətli açıqlamalarda da özünü göstərir. Gah dialoqa çağırırılar, gah da radikal addımlar atırlar”.

Politoloq bu hadisədə Yaponiyaya da gözdağı verildiyini vurğulayıb:

“Həmin tankerlərdə Yaponiyaya neft məhsulları daşınırdı. Bununla da İran - ABŞ münasibətlərinin normallaşması üçün vasitəçiliyi öhdəliyə götürən Yaponiyaya da açıq mesaj verildi”.

Yaxın Şərq məsələri üzrə siyasi ekspert Kənan Rövşənoğlu da bu hadisədə Yaponiya faktoruna xüsusilə diqqəti cəlb edib:

“Bilindiyi kimi, iyunun 13-də Yaponiya baş naziri Şinzo Abenin İrana sülh danışıqlarını bərpa etmək üçün səfəri davam etdiyi bir vaxtda Oman körfəzində iki tanker vuruldu. Tankerlərdən birinin batdığı haqda məlumat var. Maraqlıdır ki, bu tankerlər Norveç və Tayvan şirkətlərinə məxsus olsa da, Marşall adaları və Panama bayrağı altında üzüb və Yaponiyaya neft aparırmışlar. Bilindiyi kimi hazırda dünya neftinin təxminən 30 faizi Fars körfəzindən dünya bazarına çıxır. Oman körfəzi Fars körfəzinin Ərəbistan dənizinə çıxan hissəsində yerləşir və dünya neftinin böyük hissəsi məhz burdan daşınır. Bu mənada məhz Yaponiyaya neft daşıyan tankerin seçilməsi təsadüfə oxşamır”.

K.Rövşənoğlu Pompeonun açıqlaması haqqında danışıb və hər hansı istintaq keçirilmədən deyilən sözlərin daha çox siyasi bəyanat olduğunu söyləyib:


“Yeri gəlmişkən, mayın 12-də ikisi Səudiyyə Ərəbistanı, biri Norveç, biri isə BƏƏ-yə məxsus 4 tanker hücuma məruz qalmışdı. Həmin vaxt da istintaq başa çatmamış ABŞ prezidentinin müşaviri Con Bolton BƏƏ-də səfərdə olarkən İranı ittiham etdi. Ancaq beynəlxalq istintaq qrupunun BMT-yə təqdim etdiyi hesabatda hücumun hansı ölkə tərəfindən törədildiyi açıqlanmır. Təbii ki, İran da bu ittihamları rədd edir. Məlum olduğu kimi, Tramp administrasiyası hazırda İranın xarici ölkələrə neft satışını demək olar ki, yasaqlayıb. Və o zaman İran rəsmiləri demişdi ki, bizə neft satışı yasaqlansa. o zaman körfəzdən heç kim neft sata bilməyəcək. Bu bəyanatlar və indi tankerlərin vurulması bir mənada İrana şübhələri yönəldir. ABŞ qüvvələrinin körfəzə toplandığı bir vaxtda iranlıların belə edəcəyi də şübhəli görünür. Çünki əgər bu hücumlardan birinin İran tərəfdən törədilməsi isbat olsa, bu, İrana qarşı beynəlxalq təzyiq üçün əsas verir. Heç bir ağlı başında olan dövlət özünü risk altında qoymaq istəməz”.

O, bu hadisədə üçüncü tərəfin əli olması ehtimalını da söyləyib:

“Digər tərəfdən bir sıra ölkələr indi ABŞ-İran qarşıdurmasının olmasında, yəni İranın açıq deyilsə vurulmasında maraqlıdır. Bu mənada indi bu hadisənin arxasında şübhəli ölkələrin sayı çoxdur. Konkret kimin etdiyini demək çətindir. Amma o aydındır ki, ABŞ və İran hər ikisi toqquşmaq istəmir. Xüsusən də prezident Tramp İrana qarşı müharibə istəmir. Amma proseslərin bu şəkildə inkişaf etməsi istər-istəməz gərginliyi yüksəldir”.

Məlumat üçün bildirək ki, körfəzdən yanan “Kokuka Courageous” adlı tanker Panama, “Front Altair” adlı tanker isə Marşall Adaları bayrağı altında üzüb.

Fərid ƏDALƏT
BAKU.WS