SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin eks-prezident Petro Poroşenkonun “sürgün” etdiyi şəxsləri yenidən ölkəyə qaytarması siyasi arenada hərəkətliliyi daha da artırıb.

BAKU.WS xəbər verir ki, əvvəlcə yəhudi əsilli oliqarx İqor Kolomoyskini geri qaytaran Zelenski, ardınca Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlığını bərpa edib.

Bu qərara görə, Zelenskiyə təşəkkür edən Saakaşvili Varşavadan Kiyevə gedib. O, bu qayıdışdan heç bir şəxsi məqsəd güdmədiyini, sırf Ukraynanın inkişafı və ayağa qalxması üçün çalışacağını bildirib.


Saakaşvilinin Ukraynaya qayıtması isə siyasi arenada birmənalı qarşılanmayıb. Prezidentin bu addımla Kolomoyskinin təsirini neytrallaşdırmaq istədiyi ehtimal edilir.

Politoloq Şahin Cəfərli bildirib ki, Zelenskinin ona dövlət vəzifəsi verəcəyi də istisna deyil:

“Saakaşvilinin hazırda Ukraynanın ən güclü adamları Avakov və Kolomoyski ilə münasibətləri yaxşı olmayıb. Düzdür, mühacirətdə ikən Kolomoyski ilə Saakaşvili görüşdülər, bəlkə də müəyyən razılığa da gəldilər. Amma hər halda, Saakaşvili oliqarxın çaldığına oynayacaq biri deyil. Mən düşünürəm ki, Zelenski bu gedişlə Avakov və Kolomoyskinin artan təsirini müəyyən qədər məhdudlaşdırmağa və balans yaratmağa çalışır”.

Bundan başqa, Zelenskinin digər hədəfi Saakaşviliyə vəzifə verərək onun siyasi gücündən istifadə etmək ola bilər.


Ekspert sözlərinə əlavə edib ki, Zelenskinin qərarı Gürcüstan hökumətinin də xoşuna gəlməyəcək:

“Gürcüstan yavaş-yavaş 2020-ci ilin parlament seçkiləri kampaniyasına daxil olur və bu ərəfədə Saakaşvilinin ölkəyə yaxınlaşması və təsir imkanlarının artması İvanişvilinin xoşuna gəlməyəcək. Müsahibimiz deyir ki, qərardan məmnun olmayacaq başqa bir mərkəz isə Moskvadır”.

                                İqor Kolomoyski                                                 Arsen Avakov

Qeyd edək ki, Zelenskinin seçkilərdə qələbəsinin Kolomoyskinin maliyyə gücü və erməni əsilli Daxili İşlər naziri Arsen Avakovun siyasi dəstəyi ilə mümkün olduğu barədə heç kimə sir deyil. Lakin, görünən odur ki, Zelenski onların təsiri altında qalmamaq üçün “Saakavşili gedişi”ni edib. Bununla da Avakov və Kolomoyskinin təsir dairəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Bu arada, 21 iyulda Ali Radaya keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə Saakaşvilinin “Yeni qüvvələrin hərəkatı” partiyası da qatılacağını açıqlayıb.

Fərid Ədalət
BAKU.WS
QALEREYA