SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin Vaşinqtondakı səfiri ilə görüşüb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sərdar Kılıçın ricası ilə baş tutan görüş nəticəsiz başa çatıb.

Con Bolton görüşdə keşiş Endryu Branson məsələsini müzakirə edib. Söhbət zamanı həmçinin Türkiyə-ABŞ münasibətlərinin son vəziyyətindən də danışılıb. Belə ki, Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.

“Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”- deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.

Xatırladaq ki, iki ölkə arasında siyasi və iqtisadi gərginlik Türkiyədə amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsindən sonra başlayıb.


Vaşinqtonun Türkiyə hökumətinə azad edilməsi üçün vaxt verdiyi rahib Endryu Bronson kimdir?

O, 1968-cı ildə ABŞ-da anadan olub. ABŞ-da dini təhsil alıb, 23 ildən artıqdır ki, Türkiyədə yaşayır. İzmirdə protestant Diriliş kilsəsinin keşişidir. 2016-cı il dekabrın 9-da həbs olunub. Türkiyə ədliyyəsi onu FETÖ üzvü olmaqda ittiham edir.

Rəsmi ittihama əsasən, Endryü Kreiq Bronson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusuluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Bronson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Bronson 35 ilə qədər həbs cəzası ala bilər.

Rahib istintaqa ifadəsində bu ittihamları rədd edib və sadəcə dini fəaliyyət göstərdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi bildirib.

Zülfiyyə Qurbanova
BAKU.WS