SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ermənistan-ABŞ birgə hərbi təlimlərinin gündəm olması təsadüfi deyil. İrəvan Moskvanın əzəli düşməni olan ABŞ-la hərbi təlimləri uzun müddətdir planlaşdırırdı”.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Der Spigel” nəşri yazıb.

Məqalədə bildirilib ki, Ermənistan daha əvvəl də Qərb ölkələri, həmçinin NATO ilə birgə təlimlər keçib: “Lakin bu dəfəki manevrlər həssas siyasi dövrə təsadüf edir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasına baxmayaraq, Ermənistan hakimiyyəti bu il ölkəsində Rusiyanın rəhbərliyi ilə təlimlərin keçirilməsinə icazə verməyib”.

Yazıda qeyd olunub ki, rəsmi İrəvan Rusiyanın ona xəyanət etdiyini düşünür:

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə qəzəbini açıq şəkildə dilə gətirməyə başlayıb. Görünür, o, Moskvaya demək istəyir ki, lazım gəlsə, başqa tərəfdaşlar da tapa bilər.

Bu ayın əvvəlində Paşinyan xarici KİV-ə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan çəkildiyini bildirib. O deyib ki, bir gün Rusiyanın regionda olmayacağını görəcəyik.

Bu, Kremlə yönəlmiş bir neçə təxribatdan yalnız biri idi. Şərqi Avropada müharibə başlayandan bəri Ermənistan ilk dəfə Ukraynaya humanitar yardım göndərib. Həmin günlərdə Ermənistanın birinci xanımı Anna Akopyan Ukraynaya səfər etdi”.

Məqalədə vurğulanıb ki, bu hadisə Rusiyanın qəzəbinə səbəb olub: “Ona görə də Rusiya Xarici İşlər Nazirliyi Ermənistan səfirinə nota verib.

Bildirilib ki, Ermənistan son vaxtlar qeyri-dost hərəkətlər edir. Rusiya dövlət mediası Ermənistan parlamentinin Roma statutunu tezliklə ratifikasiya edəcəyini bildirib. Əgər belə olarsa, deməli, Ermənistan Putini həbs etməlidir”.

Nəşr yazıb ki, Rusiya həmişə Ermənistanı müdafiə edib və onun ən yaxın hərbi müttəfiqi olub: “Rusiya Ermənistana ucuz qiymətə silahlar satıb.

Həmçinin Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə hələ də Rusiyanın hərbi bazası var. Rusiya qoşunlarının ərazidə yerləşdirilməsi ilə bağlı ikitərəfli müqavilə 2044-cü ilə qədər qüvvədədir. Amma indi Rusiya Ermənistanın etibarlı silah təminatçısı deyil”.

Alman Xarici Əlaqələr Şurasının Rusiya üzrə eksperti Stefan Meisterin fikrincə, artıq Azərbaycan və Türkiyə Moskva üçün daha vacib tərəfdaşdır.

Analitiklər hesab edirlər ki, N.Paşinyan hazırkı davranışları ilə qumar oynayır: “Onun Rusiyadan uzaqlaşmaq cəhdləri açıq-aydın qumardır. Rusiya nə vaxtsa Paşinyanı cəzalandıracaq. Unutmaq olmaz ki, Rusiya Ermənistanda əsas infrastruktur və sənaye sahələrinə nəzarət etməkdə davam edir”.

BAKU.WS