SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Duması Rusiya Ordusunu nüfuzdan salmağa yönələn feyk xəbərlərə və Rusiyaya qarşı sanksiyalara çağırışlara görə həbs cəzası və böyük cərimələr nəzərdə tutan qanun layihəsini qəbul edib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “İnterfaks” agentliyi məlumat yayıb.

Bildirilib ki, sənəd dərhal ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Nümayəndələr Palatası qanun layihəsinə yekdilliklə səs verib: lehinə 401, əleyhinə və bitərəf səssiz.

“Qanun layihəsi təcili olaraq Federasiya Şurasına göndəriləcək. Şurada səsvermədən sonra qanun prezidentə təqdim olunacaq. Sənədin sabah qüvvəyə minməsi ehtimalı var”, - deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Qanuna əsasən, Rusiya Cinayət Məcəlləsinə Rusiya və onun vətəndaşlarının maraqlarının müdafiəsi məqsədilə Rusiya Silahlı Qüvvələrinin istifadəsi barədə bilərək yalan məlumatın açıq şəkildə yayılmasına dair 207.3 maddəsi daxil edilir. Bu maddədə nəzərdə tutulmuş ən yüksək cəza 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə (ağır nəticələr olduqda) müəyyən edilir. Bundan əlavə, məhkəmə 700-dən 1,5 milyon rubla qədər cərimə, bir ilə qədər islah işləri və üç ilə qədər məcburi əmək tətbiq edə biləcək.

Həmçinin məcəlləyə 280.3-cü maddə daxil olunub. Sözügedən bu maddə Rusiya və onun vətəndaşlarının maraqlarını, eləcə də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün Rusiya Silahlı Qüvvələrindən istifadəni gözdən salmağa yönələn ictimai hərəkətlər barədədir. Bu məcəllə üzrə minimum cəza 100-300 min rubl dəyərində cərimə, maksimum cəza isə 5 il müddətinə azadlıqdan məhrum edilmədir.

Bununla yanaşı, Cinayət məcəlləsində “Rusiya, Rusiya vətəndaşı və yaxud rusiyalı hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı xarakterli tədbirlərin tətbiq eidlməsinə çağırış”la bağlı 284.2-ci maddə əlavə olunur. Xarici dövlətləri və yaxud beynəlxalq şirkətləri Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq etməyə çağıran şəxsləri 500 min rubla qədər cərimə etmək, üç ilədək məcburi əmək, altı aya qədər həbs və ya eyni vaxtda 200 min rubla qədər cərimə ilə üç ilədək həbs gözləyə bilər.

BAKU.WS