VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada 4 Azərbaycan vətəndaşı həlak olub. Onlardan biri Xarkov şəhərində, digər üçü isə Moldova istiqamətinə gedərkən atəşə tutulublar. Ölkəmizin Ukraynadakı səfirliyinin yaydığı məlumata görə onlarının nəşinin Azərbaycana gətirilməsi planlaşdırılır. Bu arada səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına bir daha müraciət edib

Ukraynada davam edən hərbi qarşıdurma səbəbindən 4 Azərbaycan vətəndaşı həlak olub.

Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, şəxsi təşəbbüsləri ilə Odessa vilayətindən Moldova istiqamətinə gedən Azərbaycanlıların 8 avtomobildən ibarət kolonu bu gün tanınmamış "Dnestryanı Respublikası" yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.

Nəticədə Azərbaycan vətəndaşları -46 yaşlı Neymət İsmayılov, 56 yaşlı Rəhim İsmayılov və 27 yaşlı Qabil İsmayılov həlak olublar. Həlak olanların qohumlarından əldə edilən məlumata əsasən, daha dörd nəfər Azərbaycan vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlib, meyitlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılıb.

Səfirlikdən o da qeyd edilib ki,bu gün səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində küçəyə su almaq üçün çıxmış Azərbaycan vətəndaşı 35 yaşlı Qoşqar Məmmədov da naməlum istiqamətdən atılmış gülləyə tuş gələrək həlak olub.

Azərbaycanın Ukraynada konsulluğundakı İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli ''Xəzər Xəbər''ə bildirib ki, Qoşar Məmmədov tələbə olub və Azərbaycandan Ukraynaya qonaq gedibmiş.

Bu arada ölkəmizin Ukraynadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara növbəti dəfə müraciət edib. Bildirilib ki, vəziyyətin gərgin olduğunu nəzərə alaraq vətəndaşlarımız yaşadıqları yerlərdə qalmalı, komendant saatı tələblərinə əməl etməli, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmalı, Ukrayna dövlət qurumlarının məlumatlarının, Azərbaycan Xarici İşlər Nazirliyinin və səfirliyin internet səhifələrini izləməlidirlər.

BAKU.WS
VİDEO