SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 10-da Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

BAKU.WS xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışıb.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə müasir infrastruktur yaradılıb, yeni şəhərlər salınıb, fabrik və zavodlar tikilib. Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl respublikasına çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub və ölkədə bütün sahələrdə islahatlar başlanıb.

Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, demokratik təsisatlar yaradılıb, dövlət idarəçilik sistemi formalaşdırılıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsindən sonra “Əsrin müqaviləsi” sazişinin imzalanmasına nail olunub. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq inkişaf və yüksəliş yoluna qədəm qoyub.

Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Təsadüfi deyil ki, 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər erməni işğalında qalan torpaqlarımız işğaldan azad edildi.

Artıq Ermənistan tərəfindən dağıdılan rayonlarımızda abadlıq –quruculuq işləri həyata keçirilir. Bu möhtəşəm qələbəni xalqımız ruh yüksəkliyi ilə qeyd edir.

Məhz Heydər Əliyev siyasətinin davamının nəticəsi idi ki, Azərbaycan beynəlxalq arenadakı mövqelərini möhkəmləndirərək işğal altındakı ərazilərini azad etdi.

Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində bu gün Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və inkişaf mərhələsi yaranıb.

Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənib, gömrük-keçid məntəqələrinin sayı artırılıb, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilib, qarşılıqlı faydalı əməkdaşlığa dair ardıcıl işlər aparılır.

Bildirilib ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Heydər Əliyevin humanizm prinsiplərini əsas tutan səfirlik İmam Əli adına Reabilitasiya Mərkəzinə maliyyə yarımı göstərib.

BAKU.WS
QALEREYA