SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Bitlis şəhərində helikopter qəzası nəticəsində həyatını itirən 11 hərbçinin son mənzilə yola salınması mərasimi keçirilib. Cümə namazının ardınca qılınan cənazə namazında Türkiyə yüksək çinli dövlət rəsmiləri ilə yanaşı prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

BAKU.WS xəbər verir ki, helikopter qəzası ilə bağlı haqqında ən çox danışılan şəxs isə general polkovnik Osman Erbaşdır.

Elazığ 8-ci ordu korpusunun komandiri olan O.Erbaşın adı daha çox 2016-cı ilin 15 iyulunda Türkiyədə FETO qruplaşmasının həyata keçirmək istədiyi dövlət çevrilişinə cəhd zamanı hallanıb. Korpus komandirinin FETO mənsubu general-leytenant Bəkir Ərcan Vanın ələ keçirilməsində xüsusi rol oynadığı FETO-çunun istintaqa ifadəsi zamanı bəlli olub. Həmçinin hərbi çevriliş zamanı qiyamçı hərbçilərə qarşı sərt reaksiya verən general dünyasını dəyişən polis və hərbçilərin cənazə mərasimində də onların ailəsinə dediyi sözlərlə tanınıb.

“Qatilin əsgər olmadığını yazın. Əsgər heç vaxt öz vətəndaşını öldürməz. Bu qatillər əsgər ola bilməz”, - deyə cənazə mərasimində iştirakı zamanı jurnalistə açıqlamasında bildirmişdi.

O.Erbaşı özəl edən digər məqam generalın müasir Türkiyə İHA/SİHA-ları ilə bağlı göstərdiyi dəstəkdir. Belə ki, o, 2010-cu ildə terrorçulara qarşı əməliyyatlarda istifadə olunan İHA-ları istifadə edəcək şəxsi heyətə xüsusi təlimlər verilməsini təmin edib.

Vətən müharibəsində əldə olunan qələbədə böyük pay sahibi olan “Bayraktar TB2”nin yaradıcısı Səlcuq Bayraqdar da PUA-larının təkmilləşdirilməsində O.Erbaşın xüsusi rolu olduğunu qeyd edib.

General-polkovnikin bacısı Husniyyə Korana qardaşı haqqında danışarkən bildirib ki, yeganə qardaşları idi və hər zaman Vətəni üçün çalışıb: “Qardaşım 17 yaşında kənddən gedib. Nə tətil bilib, nə də icazə, gecəsini gündüzünə qatıb. Ana-ata həsrəti ilə yaşayıb. Allah düşmənlərimizə fürsət verməsin”.

Qeyd edək ki, Osman Erbaş 2012-2015-ci illərdə Quru Qoşunları Kəşfiyyat İdarəsinin rəhbəri olub.

BAKU.WS
ВИДЕО