VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, siqaret çəkmək kimi ziyanlı vərdiş orta hesabla ildə 7 milyon insanın ölümünə səbəb olur. Siqaret arteriyaların tutulmasına, ürək xəstəliklərinə, ürək döyüntüsünün dəfələrlə artmasına səbəb olur. Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə də gətirib çıxarır. Siqaret çəkən insanlarda pnevmoniya, xroniki bronxit və emfizemaya tez-tez rast gəlinir. Müasir dünya praktikasında tütün çəkmək narkotik asılılıq yaradan xəstəlik kimi qiymətləndirilir. 2017-ci il üzrə statistik məlumata görə, Azərbaycan əhalisinin 33.1 faizi siqaret çəkir. 15-65 yaş həddində olan Azərbaycan kişisinin hər 3 nəfərdən biri siqaret aludəçisidir. Ölkədə siqaret çəkən qadın orta hesabla gündə 3, kişi isə 15,2 ədəd siqaret çəkir.

BAKU.WS
siqaretin sağlamlığa vurduğun ziyanla bağlı mütəxəssislərin rəyini öyrənib.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov bildirir ki, siqaret çəkənlərin burnunun tutulması, siqaret tüstüsündə olan kül mikro hissəciklərinin burun selikli qişasının üzərinə oturaraq yerli qıcıqlandırması nəticəsində baş verir:

“Bu səbəbdən siqaret çəkənlərdə tez-tez burun tənəffüsünün pozulması müşahidə olunur. Tüstünün tərkibində qatran və nikotin olmaqla əsas iki zərərverici maddə var. Nikotin asılılıq yaradır və aktiv maddə olaraq orqanizmdə asetilxolin reseptorlarını bloklayır, orqanizmin asetilxolinə olan tələbatını azaldır, bununla onu əvəz etmiş olur. Belə olduğu halda, orqanizmə asetilxolin lazım olduğu üçün mütəmadi olaraq nikotini istəyir. Bu siqaretin fiziki asılılığıdır”.


LOR-un sözlərinə görə, siqaret çəkənlər adətən xroniki ağciyər xəstəliyindən əziyyət çəkirlər:

“Bildiyimiz kimi, tütünün tərkibindəki qatran orqanik maddənin yanması nəticəsində əmələ gələ bilir. Tütün çəkmə zamanı tənəffüs yollarında, xüsusilə alt tənəffüs yolları yəni ağciyərlərin alveollarında, traxeyada, bronxlarda divarlarına oturaraq mübadiləni pozur. Bəhs etdiyimiz orqanları içəridən örtən seliyin ifrazını azaldır və üzərini qartmaq şəklində örtür. Belə olduğu üçün ağciyərlərin tənəffüs həcmi azalır və gələcəkdə xroniki ağciyər xəstəliyi inkişaf etmiş ola bilir. Adətən də siqaret çəkənlər bundan çox əziyyət çəkirlər. Qatran kanserogen maddədir və toxumalarla təmas etdiyi üçün üst və alt tənəffüs yollarında bəd xassəli törəmələrin inkişafına zəmin yaradır. Bu patologiyanın verə biləcəyi fiziki zərərlərdir.

Tütünün yanması prosesi müddətində əmələ gələn həmən bu qatranı ətrafındakılara da uddurur. Belə olduğu halda tütün çəkən özündən nisbətən az ehtimalla olsa belə ətrafındakılarin da kanserogen maddələrlə təması çoxalır və bəd xassəli törəmələrin əmələ gəlmə şansı yüksəlir.

Tütün çəkmə nəticəsində həm alt, həm üst tənəffüs yolları zərərçəkmiş olur. Bu şəxslərdə xroniki rinit, xroniki faringit, xroniki laringit kimi xəstəliklər müşahidə edilir.

Xüsusilə uşaqların ətrafında tütün çəkmə bu vərdişin uşaqlarda yaranması ilə bərabər adi hal almasına səbəb olur və normal qəbul edilir. Ayrıca olaraq nikotinin, qatranın təsiri nəticəsində əqli gerilik, fiziki inkişafın və qan dövranının pozulması müşahidə olunur”. Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir.

Psixoloq Vəfa Rəşidovanın fikrincə, siqaretə meylli insanların əksəriyyəti təklikdən əziyyət çəkir: “Xəyanətə uğramış qadınlar, maddi problem yaşayan kişilər, uşaqlıqda travma alan, sevgi münasibətlərində problemi olan, uşaqları ilə konflikt yaşayan insanlar siqaretə daha çox meylli olurlar. Bunun əsas səbəbi həmin şəxslərin problemlərini bölüşməyə yoldaşları olmamasıdır.


Bəlkə də əsas problem bu insanların bölüşməyi sevməməsidir. Buna görə də siqareti çəkərkən özlərində bir sakitlik tapırlar. Amma bu iki dəqiqəlikdir. Bundan sonra həmin vəziyyət təkrarlanır. Nəticə etibarı ilə yenidən siqaretə aludə olurlar.

İnsan adətən gərgin, narahat, əsəbi, qorxu anında siqaretə əl atır. Adi və ya gözəl günlərdə isə bir çox hallarda siqaret yada düşmür. Siqaret çəkən yeniyetmələrin, qadın və kişilərin diqqət etmədiyi məqam budur. Bu, məhz psixoloji problemdir.

Psixoloqa müraciət edən əksər pasiyent anlayır ki, siqaret sakitləşdirici deyil, sadəcə stressdən yaranan davranışdır. Problemlər bölüşülən andan isə siqaretdən əl çəkməyə başlayırlar. Siqaretin bir oyuncaq olduğunu və bununla özlərini aldatdıqlarını dərk edirlər”.

Psixoloq siqaret çəkməyin insanların özünü cəzalandırmasının bir növü olduğunu vurğulayıb: “Ümumiyyətlə, həyatında suallarının cavabını tapmayan insanlar siqaretə meylli olurlar. Bunun hamısı psixoloji sarsıntıların, travmaların nəticəsidir. Siqaret çəkmək insanın özünü cəzalandırmasıdır. Bundan sonra vərdiş yaranır. Vərdişdən uzaqlaşmaq isə kifayət qədər çətin prosesdir.

Xanımlarda daha çox ailədə problemlər yaşandığı zaman siqaretə meyllilik yaranır. Onlar özlərini aciz görəndə siqaret çəkirlər.

Bu, ailədə seksual həyatın zəifləməsinə gətirib çıxarır. Xanımlar həyat yoldaşları ilə rahat münasibət yaşaya bilmirlər. Özünə güvən azalır, gizlənməyə çalışırlar.

Kişilərin situasiyasında isə əksər halda xanımlarda kişilərə istəyi azaldır. Bu, hətta ailənin dağılması ilə belə nəticələnir. Sağlamlığını, özünü sevən insan siqaretə əl atmır”.
BAKU.WS