SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 16 nazirliyinin apardığı çalışmalar nəticəsində koronavirus pandemiyasının yaratdığı xüsusi karantin rejimindən çıxış və normal vəziyyətə qayıdışın mərhələləri hazırlanıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, 100 günlük planda öncə iqtisadiyyat, ticarət, turizm və qida sektoru dirçəldiləcək.

Mayın sonunda isə normallaşma addımlarına adaptasiyanın nəticələrinə baxılacaq və mövcud vəziyyətə uyğun 2-ci mərhələ başlayacaq.

Ramazan bayramı boyunca təhlükəsizlik məqsədilə namazların məscidlərdə qılınmaması, 24-31 may tarixlərində küçəyə çıxma qadağasının qüvvədə olması da planın tərkib hissəsidir.

Hotellərin isə mərhələli şəkildə açılacağı bildirilir. Sosial məsafə və təhlükəsizlik qaydalarına riayət edən hotellər öncə açılacaq.

Dərslərin mayın sonuna qədər başlamayacağı planlaşdırılır. Dərs proqramlarının tamamlanması üçün iyunda dərslərin 1 aylıq açılması nəzərdə tutulur. İmtahanların isə iyulun sonu və ya avqustun əvvəlindən keçirilməsi gündəmdədir. Yeni tədris ilinin isə sentyabrın sonunda başlayacağı gözlənilir.

Böyük ticarət və əyləncə mərkəzlərinin məhdudiyyətlərlə açılacağı planlaşdırılıb. Belə ki, mərkəzlərin daxilindəki restoranlar, sinema salonları, idman zalları, əyləncə zalları və uşaq zalları açılmayacaq.

Bundan başqa, avqustun sonuna qədər konsertlər, teatrlarda şənliklər və sair kütləvi tədbirlər təşkil edilməyəcək.

Restoran, kafe, bərbərxanalar, gözəllik salonları kimi yerlər isə müəyyən saatlarda işləyəcək.

BAKU.WS