SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya dövründə ölkə iqtisadiyyatının canlandırılması və əhalinin normal həyat standartlarına geri dönməsi üçün bir sıra yumşaldılma tədbirləri həyata keçirilir.

Yumşaldılma tədbirlərinin həyata keçirilməsi iqtisadi və bir sıra digər məsələlərdə öz müsbət təsirini göstərir. Lakin koronavirusa yoluxanların sayının artması bunun mənfi tərəflərindən biridir.

Yumşalmanın yoluxma sayına və iqtisadiyyata təsiri necə olacaq?
Məsələnin tibbi tərəfinə aydınlıq gətirmək üçün həkim-infeksionist Natiqə Qocayeva ilə əlaqə saxladıq.

Natiqə Qocayeva BAKU.WS-ə bildirdi ki, bir çox insan bu xəstəlikdə asimptomatik olur. Yəni virusa yoluxduğunu bilmir və heç bir əlamət göstərmədiyi üçün bundan xəbərsiz olur.

“Əsasən cavan insanlarda və uşaqlarda bu xəstəliyin əlamətləri hiss olunmur. Bu insanlarla təmasda olan yaşlı insanlar, xroniki xəstələrin virusa yoluxma ehtimalı böyükdür. Yumşaldılma tədbirləri insanların bir-birləri ilə daha çox təmasda olmasına şərait yaradır. Mövcud vəziyyət isə virusun daha çox yayılmasına səbəb ola bilər”, - deyə həkim bildirib.

Məsələnin iqtisadi tərəflərinə gəlincə, ekspertlər burada həkimlərdən fərqli düşünürlər.

Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirdi ki, yaxşı olardı ki, mərhələli şəkildə açılmalar davam etsin.
Bununla yanaşı deputat bir sıra məqamlara da aydınlıq gətirib:

“Nəzərə alsaq ki, pandemiyanın təsir etdiyi digər ölkələrdə, o cümlədən də mərkəzi, şərqi avropa ölkələrində iqtisadiyyatın fərqliliyi, ictimai iaşə, turizm, xidmət sektoru üçün konkret meyarlar müəyyənləşdirilib. Bu meyarlar çərçivəsində iqtisadi açılma gedib.

Nəzərə alsaq ki, bu gün dünyanın aparıcı ölkələrində ciddi iqtisadi azalmalar var. Böyük Britaniyada 2020-ci ilin ikinci rübündə 24 faizlik azalma müşahidə olunub. Bu Böyük Britaniyanın son onilliklər tarixinin ən böyük azalmasıdır.

Rusiyada 8,5 faizlik, digər inkişaf etmiş ölkələrdə, o cümlədən avrozonada 12 faizlik azalma var. Azərbaycanda iqtisadiyyat son 7 ayda 2,8 faiz aşağı düşüb və digər inkişaf etmiş ölkələrdə bu rəqəmlər daha böyükdür.

Bu təbii ki, qlobal olaraq iqtisadi geriləməyə və sosial baxımdan da dünyada müyyən problemlərin yaranmasına gətirib çıxara bilər.

Bu baxımdan düşünürəm ki, Azərbaycan üçün də iqtisadi aktivliyin mərhələli şəkildə bərpa edilməsi daha məqsədə uyğun olardı”, - deyə ekspert bildirib.

Vüqar Bayramov təklif edir ki, iqtisadi açılmalar mərhələli şəkildə davam etsin: “Gələcəkdə turizm, ictimai iaşə obyektləri və xidmət sektorlarının tam açılımı və bu sahələrdə fəaliyyətin tam bərpası məqsədəuyğun olardı”.

Əkbər Mustafayev
BAKU.WS