SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda sərtləşdirilmiş karantin rejimi çərçivəsində avqustun 18-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsindən sonra toy və nişan mərasimlərinin bu qaydalar çərçivəsində keçirilib-keçirilməməsi gündəmə gəlmişdi.

BAKU.WS xəbər verir ki, Operativ Qərargahın sonuncu brifinqdə “qafqazinfo”nun əməkdaşı bu barədə rəsmilərə sual verərək açıq havada nişan və toy mərasimi keçirilməsinin mümkün olub-olmadığını soruşmuşdu. Lakin rəsmilər toyların kütləvi tədbir olduğu üçün qadağan olunduğunu qeyd etmişdilər.

Əldə etdiyimiz məlumata görə, son günlər Bakının bir neçə məşhur restoranında toy və nişan mərasimləri keçirilib. Hətta bəzi müğənnilər də toylarda iştirak edərək mahnı oxuyub, aparıcılıq ediblər.

Restoranların açıq havada fəaliyyətə başlamasından sonra Bakıda 20-yə yaxın toy keçirilib. Təkcə dünən paytaxtda 6 toy mərasimi baş tutub.

Bu tədbirlərdən birindən mediapost.az saytı video görüntü yayıb. Dünən “Şeron” qrupunun üzvləri “Nar&Şərab” restoranında nişan mərasimində aparıcılıq ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb:

“Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

BAKU.WS