VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

A və C vitaminlərinin koronavirus xəstələrini ağır kliniki gedişatdan qoruya bilməsi üçün təsirləri açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bununla bağlı “Report”a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, ilkin mərhələdə COVID-19 xəstəliyinin gedişatını qanda olan müvafiq göstəricilərlə öncədən proqnozlaşdıra bilmək imkanları mümkündür:

“Çində aprel ayından etibarən elmi ədəbiyyata daxil edilən tədqiqatın nəticəsinə əsasən, qanda olan 2 fərqli hüceyrə tiplərinin müayinəsi vasitəsi ilə xəstəliyin gedişatını proqnozlaşdırmağın mümkünlüyü məlum olub.

Əslində, xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq üçün bu gün elmə hələ ki bir neçə amil aydındır. Bu istiqamətdə mənim də elmi araşdırmalarım var və həmin araşdırmanı yaxın gələcəkdə elmi ədəbiyyatda dərc edildikdən sonra ictimaiyyətə təqdim edəcəyəm.

Çində aparılan daha bir tədqiqatda isə qanda olan 2 fərqli hüceyrələr vasitəsi ilə də xəstəliyin gedişatını öncədən proqnozlaşdırmağın mümkün olduğu göstərilib.

Daha dəqiq desək, xəstəliyin yüngül və ya ağır formada keçəcəyi barədə hələ xəstəliyin ilkin mərhələsində fikir söyləməyin mümkün olduğu nəzərə çatdırılıb.

Bu hüceyrələrdən biri müvafiq CD8 ilə olan “öldürücü” T hüceyrələridir. Bunlar da viruslu hüceyrələri orqanizmdə öldürürlər və koronavirusun çoxalmasının qarşısını alırlar. Əgər xəstələrin az sayda belə hüceyrələri varsa, onların ağır simptomlar inkişaf etdirmək riskləri böyükdür.

Başqa hüceyrə tipi olan neytrofillər isə T hüceyrələrinin funksiyasını aşağı sala bilərlər. Bununla da qanda neytrofilləri çox olan xəstədə az sayda T hüceyrələri tapılır ki, bu da xəstəliyin ağır gedişatına səbəb olur”.

Nuran Abdullayev

Tibb elmləri doktoru qeyd edib ki, orqanizmdə daha əvvəllər mövcud olan yanaşı xəstəliklər T hüceyrələrini aşağı saldığından insanlar xəstəliyin ağır gedişatından əziyyət çəkirlər:

“Buna misal olaraq orqan transplantasiyası, həmçinin xərçəng xəstəliyinə görə müxtəlif kimya terapiya alan xəstələri nümunə kimi göstərmək olar.

Bundan başqa, yaşla əlaqədar olaraq, qoca insanlarda və eləcə də artıq çəkidən əziyyət çəkənlərdə də T hüceyrələri kifayət qədər aşağı olur və buna görə də həmin insanlar da ağır gedişli xəstəlik keçirirlər".

N.Abdullayev bildirib ki, qeyd olunan xəstələrdə virusa yoluxmanın ilkin mərhələsində T hüceyrələrini stimulə edərək qanda qaldırmaq xəstəliyin gedişatına köməklik göstərir:

“Artıq xüsusi fərqli peyvəndlər vasitəsilə buna nail olmaq istiqamətində tədqiqatlar başlanılıb. Bundan başqa isə vitamin A və C yuxarıda qeyd etdiyim T hüceyrələrinin funksiyasını daha da artırması effekti nəzərə alınaraq istifadə olunur.

Burada ən çox müzakirə olunan isə bu vitaminlərin, xüsusən də vitamin C-nin hansı dozada qəbul olunmasıdır. Buna da Çindən olan bir elmi tədqiqat qrupu münasibət bildirərək deyib ki, 300 xəstə üzərində apardıqları kliniki tədqiqata görə, yüksək dozalı vitamin C-dən istifadə məsləhət görülür, hətta bu, yüngül simptomlu xəstələrə də tövsiyə olunur.

Sonda isə bir daha bildirmək istəyirəm ki, bu elmi tədqiqatın nəticəsinə görə, yuxarıda qeyd etdiyim risk qrupuna daxil olan xəstələrə vaxtında ediləcək xüsusi həkim nəzarəti və eləcə də müvafiq müalicələr onları xəstəliyin ağır gedişindən qoruya bilər”.

BAKU.WS