SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlum olduğu kimi, martın sonundan mayın sonlarına qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. Lakin mayın 27-də karantin rejiminin yumşaldılmasından sonra yeni yoluxma hallarında sürətli artım müşahidə olunub. Bu isə həftəsonu məhdudiyyətlərin tətbiq olunmasına əsas yaratdı. Həftəsonu məhdudiyyətlərin tətbiqi nəticəsində koronavirusa zəncirvari yoluxma hallarının qarşısı qismən alındı və bu istiqamətdə mənfi dinamika aşağı düşüb.

Məsələn, mayın 19-da 131 yeni yoluxma və 143 sağalma göstəricisi müqabilində, iyunun 3-də yeni yoluxma halları ilk dəfə olaraq 300 nəfəri keçdi və 325 yeni yoluxma faktı qeydə alındı, 101 nəfər isə sağalaraq evə buraxıldı. Ötən 14 gün ərzində həyata keçirilən tədbirlər, o cümlədən həftəsonu məhdudiyyətlər artım dinamikasının nəzarətdə saxlamağa imkan verdi. Ötən həftələrin orta statistik yoluxma göstəricilərinin müqayisəsi təqdim olunsun.

BAKU.WS xəbər verir ki, hazırda qeydə alınan gündəlik 400-dən çox yeni yoluxma faktları onu göstərir ki, karantin rejimi davam etməli, yoluxma sayında azalmaya nail olmaq vacibdir. Çünki əks təqdirdə sürətli yolxuma sayı xəstələrin sayının artmasına və nəticə etibarı ilə səhiyyə sistemi üçün çətinliyə səbəb ola bilər. Yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə isə karantin və məhdudiyyətlərin tətbiq olunmasıdır. Bu mənada cəmiyyətin xəstəliyə qarşı effektiv mübarizə üçün karantin və məhdudiyyətlərə hazır olması lazımdır.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, sərt karantin rejimindən gözləntiləri böyükdür:

"Vəziyyət gərgindir. Hesab edirəm ki, bu gün tətbiq olunan ikihəftəlik sərt karantin rejiminin müəyyən qədər təsiri olacaq. Çünki belə bir sərtləşdirilmə ilkin dövrlərdə aparmışdıq və o dövrlərdə çox gözəl nəticələr əldə etmişdik. Bu iki həftəlik sərtləşdirilmə təbii ki, insanların qaydalara əməl etməsilə yoluxma rəqəmlərinin aşağı düşməsinə səbəb ola bilər. Vətəndaşlar Operativ Qərargahın qoyduğu qaydalara əməl etməsələr, qorxduğumuz başımıza gələ bilər. Elə bir vəziyyət yaranar ki, səhiyyə sistemi vəziyyətə tab gətirə bilməz. Yoluxan insanların sayı xəstəxanalarda çarpayı və süni nəfəs aparatı sayından artıq olarsa, xəstələri qarşılaya bilməz. Gündə 500 yoluxma həftəyə 3000 - 3500 yoluxma edir. Xəstə sayı çox olarsa, onlara yardım edən ixtisaslı həkimlər də çatmayacaq. Sonra başqa ixtisaslı həkimləri cəlb etdikdə onları təlimatlandırmaq vaxt aparacaq. İnsanlar vəziyyəti ciddiyə almalıdır. Vəziyyətin daha pisə doğru inkişaf etməsinin qarşısını almaq üçün hamı bir nəfər kimi qaydalara əməl etməlidir".

Bəli, hər dəfə koronavirusla yoluxanların sayı ilə bağlı rəqəmlər açıqlananda ümid edirik ki, bu rəqəmlər aşağı düşəcək. Amma çox təəssüf! Artıq 500-ə çatırıq. Xüsusi məhdudiyyətlərin tətbiq edilməsinin bir məqsədi var: bu rəqəmlər mümkün qədər tez zamanda aşağı düşsün.

Zülfiyyə Qurbanova
BAKU.WS