SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan dövləti xarici ölkələrdə olan vətəndaşlarının Vətənə qayıtmasını təmin etmək üçün bütün zəruri işləri görməkdə davam edir.

BAKU.WS xəbər verir ki, xaricdə olan Azərbaycan vətəndaşlarının pandemiya dövründə, sərhədlərin bağlı olduğu müddətdə ölkəyə qaytarılması mövcud mexanizm üzrə davam edəcək.

Qeyd edək ki, bu günə kimi 20 minə yaxın vətəndaş ölkəyə qaytarılıb.

Xatırladaq ki, 5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirmişdir. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılmışdır.

Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Bundan başqa, AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib. Həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Daha sonra AZAL martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Vətəndaşların qaytarılması müəyyən olunan qrafik üzrə, mərhələli şəkildə, karantin müəssisələrinin durumuna uyğun həyata keçiriləcək.

Qeyd edək ki, başqa ölkələrdə Azərbaycandan fərqli olaraq təxliyyə işlərinə o qədər də önəm verilməyib. Bu səbəbdən də, başqa ölkələrin təcrübəsi göstərir ki, təxliyyə işlərinin plansız, pərakəndə aparılması nəticə etibarilə ölkədə yoluxma hallarının kəskin şəkildə artmasına gətirib çıxarır.

Bunu nəzərə alaraq, rəsmi Bakı təxliyyə işini mövcud imkanlar və dövlətin səhiyyə imkanlarına uyğun şəkildə, mərhələli formada həyata keçirir.

BAKU.WS