SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Hər gün koronavirusa yoluxanların sayının 300 nəfərdən artıq olması mütəxəssisləri həyəcan təbili çalmağa vadar edib.

BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyir ki, həftəsonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır:

“Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb. Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdiksə, sonuncu günün statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 600, 2 700-ə çatıb. Bu çağırışların əksəriyyəti hərarətlə müşahidə edilir. Bununla yanaşı, qəza və ya hər hansı xroniki xəstəliyi olan şəxslərin də çağırışlarını gün ərzində qəbul edirik".

Həkim deyir ki, əvvəlki dövrlərdə vətəndaşlar əgər hərarətlə bağlı təcili tibbi yardıma müraciət edilmədən, evdə müxtəlif dərman vasitələrindən istifadə etməklə müalicə olunurdularsa, son günlər hərarətin qalxması onlarda təşviş yaradır. Bu səbəbdən həmin an təcili tibbi yardıma zəng edirlər. Bu da çağırışların artması və həkim briqadalarının ünvanlara gec getməsinə səbəb olur:

“Çağırışlarda yubanmalar əsasən həftəsonları müşahidə edilir. Bu da təcili tibbi yardımın yükünün artması ilə nəticələnir. Bununla yanaşı, həftəsonları əhalinin hərəkət məhdudiyyəti var. Əgər adi günlərdə onlar yerli xəstəxanalara və ya poliklinikalara müraciət edirdisə, hazırda həftəsonları onların bu imkanı məhduddur. Buna görə təcili tibbi yardıma müraciət etməli olurlar. Əhaliyə müraciət edərdim ki, adi çağırışlarla təcili tibbi yardıma müraciət etməsələr, biz təcili çağırışlara vaxtında çata bilərik”.

Həkimin sözlərinə görə, həftənin adi günlərində təcili tibbi yardım xətdə 139 briqadanın fəaliyyətini təmin edirdisə, şənbə və bazar günlərində çağırışların artmasını nəzərə alaraq xəttə 170 briqada çıxarılır.

Növbəti həkim briqadası çağırışdan dönür. Budur, yüksək hərarəti olan vətəndaşdan koronavirusa qarşı analiz nümunələri götürən həkim briqadası qapıda görünür.

Həkim Ramiz Cəfərov deyir ki, artıq bir neçə gündür, burada yaşayan vətəndaşda yüksək hərarət, dad, iybilmə qismən itib: “Həmin şəxsdən test nümunələri götürülüb. Hələ ki vətəndaşda ağırlaşma halları, nəfəs darlığı müşahidə edilməyib. Əgər nəticə pozitiv çıxarsa, o zaman həmin şəxsin ümumi vəziyyətindən asılı olaraq ya evdə, ya da xəstəxana şəraitində müalicə olunacaq”.

Qeyd edək ki, Bakı şəhər Təcili və Təxirəsalnmaz Tibbi Yardım Stansiyasının Bakı şəhəri üzrə 21 tibbi bölməsi var ki, hər bir bölmə xüsusi geyim, tibbi avadanlıqlar və testlərlə təmin edilib.

Baş həkimin müavini Nuridə Fərzəliyevanın sözlərinə görə, onları ən çox narahat edən isə zamanında çağırış məkanına çata bilməmələridir: “Bir həkim kimi əhaliyə müraciət edirəm ki, sürücülər yollarda təcili tibbi yardım avtomobillərinə yol versinlər. İlk növbədə düşünsünlər ki, hər bir çağırışa gedən həkim o insanların yaxınlarının da ünvanına gedə bilər. Təcili yardım ünvana nə qədər tez çatsa, o zaman həmin insanın həyatını xilas etmək daha rahat olar”.

BAKU.WS
VİDEO