VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftədən etibarən Azərbaycanda peyvəndlənmə işləri başlayıb.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Azərbaycanda peyvəndlə bağlı verilən elanın koronavirusla birbaşa əlaqəsi yoxdur.

“Biz 2007-ci ildən Azərbaycanda hər il aprel ayının 3-cü həftəsindən başlayaraq Avropa peyvənd həftəsi keçiririk. Bunun bir neçə məqsədi var.

Peyvəndlənmə sahəsində yeniliklərin insanlara çatdırılmasıdır. Planlı peyvənddən kənarda qalmış uşaqların buna cəlb edilməsidir. Bəzən buna “təmizləmə” işləri də deyilir.

Əhali arasında peyvəndlənmə ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasıdır. Artıq 14 ildir ki, bu tədbirləri həyata keçiririk. Məqsədimiz uşaqları qorxunc xəstəliklərdən daha yaxşı qorumaqdan ibarətdir. Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Hazırda həmin xəstəliklərin epidemiyası, alovlanması müşahidə olunmur”, - deyə həkim bildirib.

N.Quliyev deyir ki, bəzi dövlətlərdə vaksinasiya məsələsinə məsuliyyətsiz yanaşılsa da, Azərbaycanda bu proses müsbət cərayan edir.

“Biz tibb işçiləri olaraq əhalinin, jurnalistlərin dəstəyi ilə əhatəli, yüksək faizli peyvəndləmə işlərini apara bilirik. Burada əhalinin də böyük rolu var. Mən valideynlərə təşəkkür edirəm ki, bu məsələyə məsuliyyətlə yanaşırlar.

Avropanın inkişaf etmiş ölkələri var ki, Niderland, İngiltərə, Rumıniyada bir qrup kütlə açıq-açığına peyvəndə qarşı çıxırlar.

Bizdə belə problemlər yoxdur. Az hallarda peyvəndə məsuliyyətsiz yanaşan və imtina edənlər var. Şükür ki, belə qrup azlıq təşkil edir. Koronavirusla bağlı xüsusi karantin rejiminə riayət etməklə planlı peyvənd edilməyən uşaqları sahə həkiminə aparmaq lazımdır”.

Bəs koronavirusla bağlı peyvəndlənmə işləri nə zaman başlaya bilər?

N.Quliyev deyir ki, hazırda bu məsələ ilə bağlı dünyada müəyyən araşdırmalar aparılır:

“Dara düşən kimi insanlar tez vaksin axtarırlar. Koronavirusdan xilas olmaq üçün ən etibarlı və effektiv yol peyvəndin hazırlanmasıdır. Dünyada, bir çox mərkəzlərdə bu məsələnin üzərində işləyirlər. Yeni peyvəndi ərsəyə gətirmək, onu sınaqdan keçirmək və istehsal etmək üçün ən azı 1 il vaxt tələb olunur. Bu ilin qışına, yaxud gələn ilin əvvəllərinə koronavirusa qarşı vaksinlər meydana çıxacaq. Bir daha deyirəm ki, peyvənd çox vacib profilaktik üsuldur”.

Ziya SƏCCAD
BAKU.WS