SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə koronavirus pandemiyası ilə bağlı uşaqların küçəyə çıxması qadağandır. Ölkəmizdə isə xüsusi karantin rejimində valideynlərə azyaşlı uşaqlarını evdən çıxarmamaları tövsiyə edilir. Amma, çox təəssüf ki, deyilənlərə əməl edən azdır. Bu günlərdə yenə də küçədə, marketdə və digər yerlərdə yanında uşaq olan valideynlərə rast gəlinir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Polis əməkdaşı: “Bəzi valideynlər öz körpələri ilə yaxınlıqda yerləşən marketə yaxınlaşır, küçəyə-bayıra çıxırlar. Biz valideynlərə maksimum tövsiyə edirik ki, bayıra çıxmasınlar, azyaşlı övladlarını bayıra çıxarmasınlar”.

Həkimlərin sözlərinə görə, bəzi valideynlər, təəssüf ki, bu məsələyə elə də ciddi yanaşmırlar.

Günay Rəsulova – Həkim: “Belə bir arxayınlıq var, hesab edirlər ki, uşaqlar koronavirusa yoluxmur. Bu, çox yalnış bir təsəvvürdür. Əlbəttə ki, uşaqların da yoluxma halları var. Dünya statistikasına baxsaq, uşaqların da bu xəstəliyə yoluxması görülür, hətta fəsadlar belə olur, ağırlaşma halları da istisna deyil”.

Uşaqların çox ciddi dayışıcılar olduğu deyən həkim valideynləri diqqətli olmağa çağırır.

Günay Rəsulova – Həkim: “Yəni uşağı çölə çıxararkən əlini mütləq bir yerə vuracaq. Koronavirus daha çox səthlər üzərində olur. Uşağın toxunduğu yerlər onun üçün çox böyük bir risk və təhlükə yarada bilər. Ona görə uşaqlar üçün risk var, onlar evdən çölə çıxmasınlar”.

Adil Qeybulla – Həkim: “Uşaqları bayıra çıxarmaq məqsədəuyğun deyil. Uşaq olan evin havası ventilyasiya olunmalıdır. Uşaqlar üçün evdə əyləncə tapılmalıdır. Yəni onların bayıra çıxmalarına lüzum yoxdur. Uşaqlar da xəstələnə bilərlər”.

Ekspertlər hazırda böyüklərlə yanaşı, uşaqların da müəyyən icazələrlə evdən çıxmasını vacib hesab edirlər.

Adil Qeybulla – Həkim: “İcazə yalnız personal verilir, yəni fərdi olaraq hər bir kəsə. İkinci şəxs əgər onun yanındadırsa, ona da icazə alınmalıdır. Mən düşünürəm ki, uşaqların bayıra çıxarılması məsələsi hansısa bir formada öz dəqiq əksini tapmalıdır ki, bundan sui-istifadə olunmasın”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından isə bildirildi ki, indiki vəziyyətdə azyaşlıların küçəyə çıxmasına hər hansı rəsmi qadağa yoxdur. Sadəcə valideynlərə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq övladlarını küçəyə çıxarmamaları tövsiyə olunur.

BAKU.WS
VİDEO