VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azyaşlı uşaqlar koronavirus daşıyıcısı kimi böyüklər üçün ciddi təhlükə mənbəyidir”.

 BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında pediatr Günay Rəsulova deyib.

O bildirib ki, “Uşaqlar koronavirusa tutulmur” deyə bir fikir yoxdur:

“Böyük insanlara nisbətən uşaqlarda koronavirusa yoluxma halları zamanı ağırlaşmalar və ölüm faktları qeydə alınmır.

Bu da onların immun sisteminin güclü olmasından irəli gəlir. Təbii ki, söhbət hər hansı xəstəliyi olmayan, sağlam uşaqlardan gedir.

Lakin nəzərə almaq lazımdır ki, koronavirus uşaqlarda heç bir simptom göstərmir. Bu baxımdan uşaqlar koronavirus daşıyıcısı kimi böyüklərə, xüsusən də immun sistemi zəif olan yaşlı insanlara ciddi təhlükə mənbəyidir”.

Pediatr qeyd edib ki, uşaqların nənə-baba, immun sistemi xəstəlikləri olan böyüklərlə ünsiyyətinə icazə vermək olmaz:

“Uşaqlara potensial virus daşıyıcısı kimi baxsaq, onların yaşlı insanlarla ünsiyyətini məhdudlaşdırsaq, biz həm də virusun yayılmasının qarşısını almış olarıq.

Ümumi olaraq, koronavirus halsızlıq, yüngül boğaz ağrısı, hərarət ilə müşahidə edilə bilər, amma təəssüf ki, çox az uşaqlarda bu kimi simptomlar hiss olunur.

Valideynlər xarici mühitlə təmasda olurlar. Uşaqlara məhz bu yolla virus keçə bilər və heç kim bunu hiss etməz. Bu səbəbdən xarici mühitlə təmasda olan şəxslər azyaşlı uşaqlar olan evə gəlirsə, mütləq şəkildə gigiyenik normalara riayət etməlidir.

Böyüklərin əllərini, üzünü, ağız boşluğunu yumadan, əllərini spirtləmədən, əynindəki paltarları dəyişmədən uşaqlara yaxınlaşması məsləhət görülmür”.

“Bəzən insanlar günlərlə evin havasını dəyişmirlər. Düşünürlər ki, virus havadan yoluxur. Bu, yanlış fikirdir.

Pəncərəni açıb, evin havasını mütləq şəkildə dəyişmək vacibdir. Koronavirus müəyyən səthlərdən təmas vasitəsilə və xəstə insanlardan iki metrdən yaxın məsafədən keçə bilir.

Virus hava vasitəsilə evə girə bilməz”, - deyə G.Rəsulova əlavə edib.

Xatırladaq ki, ölkədə koronavirusa yoluxanların yaş qrupları açıqlanıb. Belə ki, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaşarası 56 nəfər, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

BAKU.WS