VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda əhalinin koronavirus pandemiyasından qorumaq məqsədilə "Evdə qal" həştəqi altında kampaniyalar keçirilir. Əhalinin evdə qalması ilə sağlam qalması təmin olunur.

BAKU.WS xəbər verir ki, mövcud durumda evsizlərin, cəmiyyətdə BOMJ kimi tanınan şəxslərin harada qala biləcəyi sual doğurur.

Bakıda və ətraf rayonlarda evsizlər sağlam qalmaq və infeksiyadan qorunmaq üçün hara getməli və müraciət etməlidirlər? Bu suala cavab tapmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı BAKU.WS-ə bildirib ki, bunun üçün xüsusi tədbirlər görülüb: "Koronavirus pandemiyasından vətəndaşlarımızın qorunması və bu infeksiyaya yoluxma hallarının azalması məqsədilə Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən verilən icrası məcburi göstərişlər, müvafiq qərarlarla əlaqədar vətəndaşlarımız zəruri hallarda evdən çölə çıxa bilərlər. Bunun üçün isə xüsusi tələblər müəyyən edilib.

Təbii ki, bu dövrdə küçədə yaşayan, baxımsız vəziyyətdə olan kimsəsiz vətəndaşlarımızın, təhlükəli vəziyyətdə olan insanlarımızın da evakuasiya edilməsi və qapalı məkanda yerləşdirilməsi əsas məsələlərdən biridir. Bu təkcə pandemiya ilə əlaqədar deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baxımsız, kimsəsiz və təhlükəli vəziyyətdə yaşayanlar üçün sığınacağı mövcuddur. Bu sığınacağa indiyə qədər də küçədə çətin həyat şəraitində yaşayan vətəndaşlar aşkar olunarkən yerləşdirilirdi. Onların reabilitasiyası ilə məşğul olurdular, həmçinin sağlamlıq, tibbi müayinələr və digər prosedurlar həyata keçirilirdi.

Hazırda bu sığınacaqda olan insanların küçədə yaşayan vətəndaşlarla təmasının olmaması üçün Zabrat qəsəbəsində digər sığınacaq yaradılıb. Küçədə yaşayan vətəndaşlar barədə məlumat daxil olarkən, biz həmin vətəndaşları götürərək sığınacaqda karantinə yerləşdiririk. Adiyyətli qurumla birgə həmin vətəndaşların müayinəsi aparılır və buna uyğun qərar qəbul olunur. İndi həmin o sığınacaq tam işlək vəziyyətdədir. Sığınacaq bütün tibbi avadanlıqlar və qoruyucu ləvazimatlarla təmin edilib".

Fazil Talıblı əlavə edib ki, əgər hər hansı hüquq-mühafizə orqanından, yerli icra hakimiyyəti nümayəndəliklərindən, o cümlədən sosial şəbəkədən, mətbuatdan məlumat daxil olarsa, həmin şəxsin sığınacağa yerləşdirilməsi ilə bağlı işlər həyata keçiriləcək: "Kimsəsiz vətəndaş karantinə götürülərək sığınacağa yerləşdiriləcək və müayinəsi aparılaraq onun orada yaşaması təmin ediləcək.

Kimsəsiz və evsiz vətəndaşlarla bağlı məlumatı olan digər vətəndaşlarımız onlar barədə 142 çağrı mərkəzinə zəng edərək məlumat verə bilərlər. Həmçinin nazirliyin sosial şəbəkə səhifələrinə, saytındakı müraciət bölməsinə məlumat verə bilərlər. Çağrı mərkəzlərimiz səhər 09:00-dan 00:00-dək işləyir".

Orxan Hüseyn
BAKU.WS