SİZİN REKLAM BURADA!
055 213 76 73


“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 37 min 274 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsilə 556 min 762 icazə qeydiyyata alınıb.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni, 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Sistemə müraciətlərin qəbul olunduğu ilk gün aparılan təhlillər göstərdi ki, təsdiq mesajını aldıqdan sonra bəzi vətəndaşlarımız növbəti mesajın da gələcəyini gözləyirdilər. Bu halın qarşısını almaq üçün məzmunda bir qədər dəyişiklik edildi. Hazırda cavab mesajı aşağıdakı məzmundadır:

Nümunə: 2-ci indeks üzrə müraciətiniz təsdiqləndi. Artıq 2 saat müddətində yaşayış yerinizi tərk edə bilərsiniz.

Agentlik bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etsinlər. SMS sistemi vasitəsilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

BAKU.WS