SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusun omikron ştammının yeni variantı olan "EG.5" dünyada sürətlə yayılmağa başlayıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, bu günə qədər 50-dən çox ölkədə "EG.5" virusuna rast gəlinib.

Adı çəkilən virusun Azərbaycanda aşkarlanmadığı rəsmi şəkildə açıqlanıb. Lakin bir çox şəxsin yay aylarında koronavirusun əlamətlərinə bənzər narahatlıqlar keçirməsi virusla bağlı müəyyən suallar ortaya qoyub.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Tanınmış professor BAKU.WS-ə bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyinə əsasən pandemiya bitib: "Lakin bu, o demək deyil ki, infeksiyalar qurtarıb. Sadəcə olaraq yenidən infeksiya mənşəli pandemiya ola bilməz.

Omikron ştammının mutasiya prosesi davam edir. Hazırda müxtəlif ştamlar bəzi yerlərdə xırda epidemioloji ocaqlar yaradır. Ölkəmizdə, xüsusilə Bakıda bir neçə il bundan qabaq kütləvi xəstələnmələr var idi. Bu gün də həmin proses müyyən qədər davam edir.

Böyük Britaniyada Omikron ştamının aşkar edilmiş yeni variantı təsadüfi deyil. Mutasiya o vaxta qədər davam edəcək ki, ya virus tamamilə yoxa çıxsın, ya da insanların həyatında adi soyuqdəymə törədən virusa çevrilsin. Hər halda bu proses gedir.

Yay aylarında soyuqdəymələrin əksər səbəbi Omikronun, mutasiya ştammlarının olmasdır".

Orxan Hüseyn
BAKU.WS