VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.

BAKU.WS xəbər verir ki, T.Əhmədov 90 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, T.Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. O, 1995-ci ildən vəfat edənədək "Respublika" qəzetinin baş redaktoru idi.

Əhmədov Teymur Əkbər oğlu 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. O, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib, təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində davam etdirib (1949-1954).

1961-1964-cü illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili alıb, "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik (1966), "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işi müdafiə edib. 1984-cü ildə nəşr edilən "Nəriman Nərimanov" kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.

1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968-1990), 1988-ci ildən aparıcı elmi işçi olub.

1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru işləyib.

Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilib, 1996-cı ildə "İlin layiqli ziyalısı" fəxri adına layiq görülmüş, 2002-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olub, "Ülkər" adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. "Dostluq nəğməkarı", "Nəriman Nərimanovun dramaturgiyası", "Nəriman Nərimanov", "Vedibasarın qanlı-qadalı günləri", "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)", "Mirzə İbrahimov" və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. "Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)" (1987), "Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)" (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.

2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş "Füyuzat" jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov "Füyuzat" jurnalının baş redaktoru idi.

Allah rəhmət eləsin!

BAKU.WS