SİZİN REKLAM BURADA!
055 213 76 73


COVİD-19-a qarşı peyvəndin ilk dozasından sonra orqanizmdə yüksək antitellər əmələ gəlmir. Buna görə də ilk dozadan 3 həftə sonra ikinci dozanın vurulması məsləhət görülür.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə həkim-infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, ikinci dozadan sonra orqanizmdə yetərli qədər antitel 1 ay sonra əldə olunur:

"Buna görə də insanlar 1-ci dozanı vurdurduqdan 10 gün sonra gedib boş yerə antitellərini yoxlamasınlar. Çünki bədənin bu antitelləri istehsal edə bilməsi üçün bəlli bir zamana ehtiyacı var".

Mütəxəssis əlavə edib ki, peyvənddən sonra yaranan antitellərin sayı orqanizmdən fərqli olaraq özünü göstərir.

F.Sədirov qeyd edib ki, peyvənddən sonra da antitellərin miqdarı aşağı düşür:

"Bu gün peyvəndlərin də qoruyuculuğunun 6-9 ay olması nəzərdə tutulur. Təəssüf ki, orqanizmdə qalıcı bir immunitet yoxdur. Amma vacib məsələ odur ki, virusa qarşı bir dəfə mübarizə aparan orqanizm bunu "yaddaş"ında saxlayır, ikinci yoluxma zamanı antitellərin sayı aşağı düşsə belə, virusu neytrallaşdıra biləcək “hafizə” hüceyrələrini işə salır".

Mütəxəssisin sözlərinə görə, virusa yoluxub sağalanların qanlarında antitellərin miqdarı fərqli səviyyədə ola bilər. Lakin bu göstəricinin yüksək olması insanları xəstəlikdən daha yaxşı qoruyacaq anlamına gəlmir:

“Sırf virusu zərərsizləşdirə biləcək antikorların miqdarını müəyyən edə bilmirik. Buna dünya laboratoriyalarında da baxa bilmirlər. Buna görə də “qanımda antitellərin sayı 100 faiz oldu, mən peyvənd vurdurmasam da olar” deyərək bu nəticəyə güvənməmək lazımdır. Çünki, bəlkə də, qanda virusu blok edən antitel miqdarı heç bir faiz deyil. Bu səbəbdən virusdan sağalanların, qanında bəlli miqdarda antiteli olanların da peyvənd olunması məsləhətdir. Xüsusilə xəstəliyə yoluxub sağalmasından 3 ay ötənlərin və evində risk qrupuna aid olan şəxslərin də vaksinasiyası prioritet olmalıdır”.

BAKU.WS