Orxan Məmmədov
CEO & Founder BAKU.WS
Karyerası
5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə “baku.ws” saytını yaradıblar. Dostları daha sonra saytı başqalarına satmaq istəsələr də, cəmi 40 dollara Orxan saytı alıb və inkişaf etdirib. Saytın özündə də Orxan Məmmədovun məqalələri çap olunur. “baku.ws” saytının 2020-ci ildə olan statistikasına əsasən sayta 4 milyondan çox giriş olub. Orxan Məmmədov bildirir ki, ”17 ildir ki, baku.ws saytı Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. Bununla yanaşı, insanların sosial problemlərini işıqlandırır, onların çətinliklərini həll etməkdə aydın məlumatları özündə əks etdirir. Vətəndaşları maraqlandıran mövzuları operativ olaraq araşdırır və əsmi məlumatlarla bir çox suallara cavab tapılan bir sayta çevrilib.” Jurnalist əlavə edir:
"17 il əvvəl internet klubda yaradılan bir sayt, bu gün ölkənin aparıcı saytlarından birinə çevrilib. “baku.ws”-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün bizim sosial şəbəkələrdə rəsmi səhifələrimiz fəaliyyət göstərir. IOS sistemində çalışan mobil telefonların istifadəçiləri üçün isə pulsuz mobil əlavəmiz (proqram) isə sizin xidmətinizdədir. Şəxsi videopleyer daha interaktiv formatda və yüksək keyfiyyətdə aktual xəbərlərin nümayişinin imkanını artırdı. Təşəkkür ona görə ki, bütün bu vaxt ərzində bizimlə qalırsınız."
2010-cu ildə Orxan Məmmədov Azərbaycanın uğurlu gənclər sırasına daxil olmuşdur. Hal-hazırda Azərbaycanda uğurlu işlərə imza atan 10 təşəbbüskardan biri kimi tanınır.
2 fevral 2012-ci il tarixində Orxan Məmmədov Nəriman Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmana layiq görülüb. Jurnalistə mükafatı Nəriman Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təqdim edib və bu mükafatın “2 fevral gənclər günü münasibəti ilə gənclər arasında daha çox sevilən internet saytının yaradıcısı” olduğuna görə jurnalistə verildiyini vurğulayıb.
2013-cü ildə Orxan Məmmədovun təsisçisi olduğu “baku.ws” saytı “Netty” – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının “İlin ən yaxşı əyləncə saytı” kimi qalibi olmuşdur.
2014-cü ildə Orxan Məmmədov “Bank of Baku” bankı tərəfindən “media partnyoru “baku.ws” əyləncə portalının 20 illik fəaliyyəti ərzində bankla uğurlu əməkdaşlıq etdiyinə görə” xüsusi diploma layiq görülüb.
5 noyabr 2016-cı il tarixində Orxan Məmmədov "Rəqəmsal Marketinq Konfrası"nda çıxış etmiş, öz çıxışında "baku.ws" saytının keçdiyi fəaliyyət yolundan, 2004-2016-cı illərdə saytın Azərbaycanda təsirindən və uğurlarından söhbət açmışdır.
2017-ci ildə Orxan Məmmədov Zirvə Ziyalılar Təşkilatının 26 illik yubileyi münasibəti ilə “Azərbaycanın ən yaxşılarını mükafatlandırma” mərasimində “baku.ws” saytının uğuru nəticəsində ən yaxşı təşəbbüskar kimi mükafata layiq görülüb.
22 iyul 2018-ci il tarixində Orxan Məmmədov “Bank of Baku” şirkətinin adından reklam və ictimaiyyətlə əlaqələr departementinin direktoru Gülşən Cumayeva tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilib. Gülşən Cumayeva mükafatın təqdimolunma mərasimində bildirib ki, “Bank of Baku ailəsinin adından sizi, 143 il əvvəlki tarixdə – bu gün təməli qoyulan Milli Mətbuatımızın yaranması münasibəti ilə səmimi qəlbdən təbrik edir, Həsən bəy Zərdabi irsinin layiqli davamçıları olaraq, çətin, lakin şərəfli peşənizdə yeni-yeni uğurlar, sadiq oxucular, bol-bol xoş xəbərlər arzu edirik. “Əkinçi” ənənəsinin qorunub-saxlanmasında, ölkəmizdə və dünyada baş verən hadisələrin xüsusi həssaslıqla cəmiyyətimizə çatdırılmasında sizin və saytınızın, qələminizin rolu əvəzsizdir. Milli Mətbuatımızın inkişafında verdiyiniz töhfələrə, sizə minnətdarlığımızı bildirir, yolunuzun daim işıqlı, qələminizin daha da parlaq olmasını arzu edirik.”
2019-cu ildə Orxan Məmmədov “SR Production Group” şirkətinin 2 yaşı münasibəti ilə “mükafatların ən yaxşısı” nominasiyasında “həddindən artıq məşhur saytın yaradıcısı” kimi mükafata layiq görülüb. Elə həmin ildə son 3 ildəki uğurlarına və fəaliyyətinə görə “Golden People Awards” (azərb. Qızıl İnsanlar Mükafatı) mükafatının laureatı olub.
Orxan Məmmədov 2018-ci il fevral ayından etibarən internet televiziyası kimi fəaliyyət göstərən “Baku TV” internet televiziyasını yaradıb. “Baku TV” televiziyasının Youtube və Telegram kanalı, Instagram və Facebook səhifələri fəaliyyət göstərir. Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında izləyici kütləsi yarım milyona yaxındır. İnternet televiziyası 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur.
22 fevral 2020-ci il tarixində Orxan Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov tərəfindən Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə səmərəli əməkdaşlığa və yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ictimaiyyətə peşəkarlıqla dolğun informasiya çatdırdığına görə” təşəkkürnamə ilə təltif edilib.
18 dekabr 2021-ci il tarixində Orxan Məmmədovun təsisçisi olduğu “Baku TV” internet televiziyası "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının “informasiya və xəbərlər” nominasiyası üzrə “İlin ən yaxşı internet televiziyası” kimi qalibi olmuşdur.
Şəxsi həyatı
Orxan Əliəkbər oğlu Məmmədov 1986-cı il oktyabr ayının 4-də Bakı şəhərində anadan olub. Sentyabr 1992-ci ildə 8 saylı məktəbin birinci sinifinə qədəm qoyan Orxan, 2003-cü ilin iyununda orta təhsilini tamamlayıb. Daha sonra, eyni ildə Rusiya Cənub Universitetinin hüquq fakültəsinə daxil olaraq, 2008-ci ildə eyniadlı universitetin uğurlu məzunu olub.
1999-cu ildən internet platformasında ilk addımlarını atmağa başlayıb. Əvvəlcə Orxan ilk qədəmlərini müəyyən internet çatlarında portallar yaratmaqla başlayaraq, növbəti işləri üçün özünü inkişaf etdirib. Müəyyən müdddətdən sonra öz auditoriya kütləsini yaradıb, bu, onun üçün irihəcmli və öz dəst-xətti olan saytını yaratmaqda böyük imkanlara gətirib çıxardıb.
Orxan Məmmədov ilkin karyerası dönəmində ölkədəki internet sisteminin vəziyyətini bu cür izah edir: “2000-ci ilin əvvəlində “Mirc” proqramı Azərbaycanda inanılmaz dərəcədə populyar idi. O dövrdə internetin nə olduğunu anlayanlar üçün bir növ ilk sosial şəbəkə idi. Gənclər günün çox hissəsini söhbətlərdə keçirirdilər. Bir müddət sonra internet istifadəçilərinin yerli xəbərləri axtarmağa başladığını, məzmunumuzda böyük çatışmazlıq olduğunu hiss etməyə başladım.”