VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu fotoya diqqətlə baxın. Bura Bakıxanov prospekti, 60 saylı məktəbin yanıdır. Daim tıxaclı və ləng hərəkətli yoldur. Oranın ləng olmasının səbəbi isə bu cür sürücülərdir. Birinci və ikinci sıra ilə kifayətlənməyib, artıq yolu bağlayıb və məktəbdən uşaq götürməyə gediblər. Bu adamın bu qabiliyyətlə uşağa verəcəyi tərbiyə nə olacaq axı?


Eqoizmin 100-cü mərhələsini uğurla adlayan bu sürücülər evinə, işinə, dərsinə tələsən insanları fikirləşmirlər. Bu adamların yeganə alibisi “Bəs harada saxlayım?”dır. Harada saxlayacağını bilmirsənsə, avtomobil alma və sürmə.

Harada saxlayacağını bilmirsənsə, sənə görə yüzlərlə şəxs yolun ortasında qalmalı deyil. Harada saxlayacağını bilmirsənsə, özünə naviqator al və yaxın parkinqləri nəzərdən keçir. Bu yola yaxın düz beş parkinq var və saatı bir manatdır.

“Pulum yoxdur” demək bəhanədən başqa bir şey deyil. Avtomobili olan və ona yanacaq tökənin yüz faiz bir manatı var. Sadəcə, bu adamlar özlərinə əziyyət verib 100-200 metr məsafəni ayaqla qət etmək istəmirlər. İstədikləri bir şey var: imkan varsa, düz partanın yanında saxlasınlar. Bəs necə olur ki, bu cür düşüncəsiz şəxslər yetişir?

Yeməyə nəsə qatırlar?

Qatıldığını deyə bilmərəm, amma sağlam qidalanmağın burada rolu var. Menyusunda qoyun əti çoxluq təşkil edirsə, daim yağlı yeyib, siqaret çəkirsə, fiziki aktivlik aşağıdırsa, demək, oksigeni bol qəbul etmir. Oksigen bol qəbul edilmirsə, beyinə siqnal getmir. Beyinə siqnal getmirsə, o zaman qərar verməkdə çətinlik çəkir. Qərar verməkdə çətinlik çəkirsə, düşüncədən əlildir. Əli-ayağı yerində, görür və danışır, hiss edir, amma beyindən, düşüncədən əlildir.

Sürücülük vəsiqəsi rüşvətlə verilir?

Bunun rüşvətə aidiyyəti yoxdur. Guya “ağıllı” insan anlamır ki, belə saxlamaq olmaz? Normal düşüncəsi olan şəxs guya bilmir ki, mən belə saxlasam, heç kim keçə bilməyəcək? Çox gözəl anlayır və bilir. Sadəcə, saymır və vecinə almır.

Kimdir müqəssir?

Şəxsin özü, DYP və BNA. Bu şəxs və şəxslər cəzasız qaldıqlarına görə bu addımı atırlar. Artıq öyrəşiblər. Balaca, ərköyün, evin sonbeşik uşaqları kimi. Qanunu saymaq belə istəmirlər. Çünki qanunun tələblərini qorumalı olan orqanlar buna fikir vermir və mübarizə aparmırlar. Bundan öncə parklanma qaydalarının pozulmasına görə cəzaların verilməsi DYP-də idi. Belə problem yox idi? Əlbəttə var idi. BNA gəldi, nə dəyişdi? Biz hələ də belə fotolar paylaşırıqsa, demək, heç nə dəyişməyib. Yenə eyni vəziyyət Babək prospekti “Babək plaza”nın qarşısında, elə həmin yeri keçən kimi körpünün altında, Şərifzadə “ASAN xidmət”, H.Əliyev küçəsi “ASAN xidmət”in qarşısında, Nobel prospekti “ASAN xidmət” (heç də asan olmadı), Xəqani, Nizami küçələrində, “Gənclik Mall”un, “28 Mall”ın qarşısında, axşamlar Neftçilər prospektində başdan-başa davam edir. DYP-də də belə idi, BNA-da da. Bəli, kimlərəsə cərimə yazılır, amma bu, qeyri-effektivdir. Çünki lazım olan sayda və yerdə deyil.

Necə olur ki, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə bu problem olmur? Heç kim belə saxlamır və bütün maşınlara da yer tapılır. Möcüzədirmi?

Xeyr. Sadəcə, qanunun tələblərinə riayət olunması sərt şəkildə tələb edilir. Hər gün axşam saat 20:00-dan sonra Neftçilər prospekti başdan ayağa parkinqə çevrilir. Qəribədir. Gündüz vaxtı o cür formada maşınını saxlasan, gəlib səni maşın qarışıq apararlar. Axşamlar isə sanki hamının gözü tutulur. Halbuki Azadlıq meydanının altında iki mərtəbəli parkinq var və prospekt boyu yerləşdirilən bütün maşınlar oraya yerləşər. Saatı 50 qəpikdir. Çay dəstgahına 50 manat verənlər 50 qəpik verməkdən çəkinirlər. 

BNA və DYP ayrılığı

Parkinq məsələsi BNA-ya veriləndən, DYP çəkilib oturub kənarda. Dövlət tədbirlərini çıxmaq şərtilə, gözünün qarşısında baş verən dayanma və durma qaydalarının pozulmasına göz yumur. Dedikləri bir söz var: “Bizim səlahiyyətimizdə deyil”.

Düzdür, YPX inspektoru ona görə cərimə yaza bilməz, amma onu uzaqlaşdıra bilər. Bu arada, YPX haqqında təlimatda yazılıb:

YPX-nin əsas vəzifələri aşağıdakılardır:

Yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq; yol hərəkətini tənzimləmək; yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək.

Bu cür sürücülər yol hərəkəti təhlükəsizlik qaydalarını pozurmu? Pozur. Yolu kəsib və qəzaya şərait yaradır. Çünki onun yanından keçmək istəyən elə arxadakı avtobus körpünün üzəri ilə gələn nəqliyyat vasitəsilə toqquşa bilər. Yol hərəkəti iflic olub. Tənzimləmək lazımdırmı? Əlbəttə, lazımdır və etməlidir də. Yol hərəkəti iştirakçısının hüququ pozulurmu? Pozulur. Çünki A nöqtəsindən B nöqtəsinə kimi rahat, sərbəst və təhlükəsiz gedə bilmir. Və DYP-nin cərimə yaza bilməməsi buna dəlalət etmir ki, yolu kəsib dayanmalıdırlar. Və mənə elə gəlir ki, sanki DYP parkinqlərə nəzarət BNA-ya veriləndən “ay-hay nəzarət etdin” deyib və kənara çəkilərək bu işin necə nəticələnəcəyini gözləyir. Məncə, bu mübarizə birlikdə aparılmalı idi.

BNA isə hələ müəyyən ərazilərə kamera qoymaq üçün kameranın gəlməsini gözləyir. 
Sual yaranır:

1. Kameranın hamısını birdən sifariş etmək olmazdımı?
2. Kameraya nə ehtiyac var? Xüsusi avadanlıqla qayda pozuntusunun rəsmiləşdirilməsi BNA-ya aid deyil. Yerində yaza bilərlər. Əməkdaşları boş yerə avtomobildə əyləşib mobil telefonda oyun oynamasınlar.
3. Qaydalara əsasən, bu cür avtomobillər evakuasiya edilməlidir. Niyə edilmir? Yeni evakuator alınmalıdır? Evakuasiya xidməti göstərən şəxslərlə niyə müqavilə bağlanılmır? Və bu TEZLİKLƏ başlıqları nə vaxt bitəcək?
4. Beş aydır mübarizə getdiyi deyilir, bəs nə üçün yuxarıda qeyd etdiyim yerlərdə (hələ buraya metronun “20 Yanvar” stansiyasının yanı da aiddir) bu mübarizə hiss edilmir?
5. Niyə cəza sistemi çalışmır?
6. Nə üçün bu cür hallara qarşı DYP ilə birlikdə mübarizə aparılmır (Mən birlikdə iclas edib, sonra hərənin öz işinin arxasınca getməsini saymıram. Reallıqda praktiki olaraq hərə öz musiqisinə oynayır).

Bəs sizcə, niyə belədir?

Tural Yusifov
BAKU.WS