VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Biz avtomobil idxalında ekoloji standartlara məhəl qoymayan ölkələrdən biriyik”. 

BAKU.WS xəbər verir ki, bu fikri “Yeni Müsavat”a nəqliyyat mütəxəssisi Ərşad Hüseynov bildirdi. Onun sözlərinə görə, sözügedən problemə lazımi diqqət yetirilmir.

Ə.Hüseynov hesab edir ki, istehsal tarixi 2005-ci ildən yuxarı avtomobillərin idxal olunması onların ekoloji standartlara cavab verməsi anlamına gələ bilməz: 

“Azərbaycana köhnə maşınlar gətirilmir. Yəni 1995-ci ilin, yaxud 1998-ci ilin avtomobilləri idxal olunmur. Ölkə daxilində kifayət qədər köhnə maşın var. Sadəcə, Avropada istehsal olan Avro - 4, Avro - 5 maşınlar onlar üçün artıq standarta uyğun deyil, Avro - 6 standartına keçirlər, bizdə isə o standartlara hələ ki uyğundur. Ona görə də həmin maşınlar idxal edilir və nəticədə ekoloji standarta cavab vermədiyi məlum olur”.

Ekspertin fikrincə, total şəkildə köhnə maşınları qadağan etmək mümkün deyil: “Şərait yaratmaq lazımdır ki, yeni avtomobilin idxalına maraq artsın.  Bu zaman köhnə, istismar müddəti başa çatmış maşınlar tədricən yığışsın. İlk növbədə xüsusi proqram hazırlanmalıdır və mərhələli şəkildə problemi yaxşılaşdırmaq olar”.

Ə.Hüseynov məsələnin üzərinə gedilməsinin vacibliyini vurğuladı: “Avro-6 standartına uyğun maşın alırsan, amma Bakıda Avro-2 yanacağı vurursan. Yanacağın da keyfiyyəti qaldırılmalıdır. Yəni problemin biri də budur”.

Müsahibimiz deyir ki, Avropada maşın istifadəçiləri texniki baxışdan keçirlər: “Standarta uyğun deyilsə, dəyişirlər. Ancaq həmin maşınlar bizdə hələ standartdır, sürülür, gətirilir. O baxımdan kompleks tədbirlər görülməlidir”.

Qeyd edək ki, son 3 ildə Azərbaycanda istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb.

Bunu “Trend”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Nazirlik rəsmisinin dediyinə görə, ölkədə atmosferə atılan zərərli qazların 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür.  M.Qənbərov qeyd edib ki, bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən istifadə olunduğu ölkələrdə istismarına qadağa qoyulan maşınlardır.

M.Qənbərov bildirib ki, köhnəlmiş nəqliyyat vasitələri yalnız ekoloji fəsadlar yaratmırlar, onlar həm də qəza hallarının baş verməsinə səbəb olurlar.
BAKU.WS