SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda dəniz üstündən çəkilən yol təmir edildi. "Azəravtoyol"dan BAKU.WS-ə verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri tam olaraq yekunlaşıb.

Yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışısından ibarət isə yol əsasının inşası işləri aparılıb. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yol boyu 1.5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə, 3300 m2  metr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 paqon-metr yeni səki daşı düzülüb.

Tikinti işlərinə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa, yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulub. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa edilib.

Yenidənqurma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə aparılır. Hazırda burda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Buna paralel olaraq dəmir-beton konsturksiyaların sahil boyunca bərkitmə işləri də aparılır.          

850 metr uzunluğunda olan yanaşma yolu 2 texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olan  yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 1.5 metr təşkil edir.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən və uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni isə 12 metr olan, Pirallahı adasını sahillə birləşdirən körpü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tikilib.
 
BAKU.WS