VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri xalq artisti İlhamə Quliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib, nekroloq imzalayıblar.

BAKU.WS xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.

İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub. O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.

Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.

İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını almışdır. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət”, 2013-cü ildə isə "Şərəf” ordenlərinə layiq görülüb.

Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Zeynəb Xanlarova

Siyavuş Kərimi

Elmira Rəhimova

Yalçın Rzazadə

Faiq Sücəddinov

Mübariz Tağıyev

Eldar Mansurov

Ağadadaş Ağayev.
 
BAKU.WS