SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Monqolustanın paytaxtında eniş edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, təyyarə Ulan-Batorda yanacaq doldurduqdan sonra Çinə yola düşəcək. Təyyarənin gecə saatlarında təyinat məntəqəsinə çatacağı gözlənilir.

Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

“Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

BAKU.WS