İTV-nin yarandığı gündən yayımlanan "Yeni gün" verilişi bağlanıb.

 
Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən BAKU.WS-ə verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqram ilə tamaşaçıların görüşündə olacaq.

Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.

Belə ki, verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular, sağlamlıq, hüquq, idman, mədəniyyət ilə bağlı maarifləndirici süjetlər üstünlük təşkil edəcək.

Bundan əlavə, Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların mədəni-sosial həyatına qısa baxış keçiriləcək. Səhər proqramında, İctimai Televiziyada başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində yayımlanacaq proqramların anonsları da yer alacaq.

“Sabahın xeyir, Azərbaycan” göz oxşayan dekor və tam fərqli format ilə sentyabrın 17-i həftənin beş günü, saat 06:50-dən tamaşaçı görüşünə gələcək.

Hüseyn Məmmədsalahov
BAKU.WS