VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycan milyardlarla dollarlıq daha bir silah sövdələşməsinə imza atıb.

BAKU.WS-in Virtualaz.org saytına istinadla verdiyi məlumata görə, Türkiyənin TAİ şirkətindən 60 "T-129 ATAK” döyüş vertolyotunun alınmasına dair razılıq əldə edib. Sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır.

"T-129 ATAK” döyüş vertolyotları İtaliyanın "Agusta Westland” şirkəti ilə birgə istehsal olunur. O, "A-129 Mangusta” döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə yerli şərtlərə uyğunlaşdırılmış versiyasının birgə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub.

Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti-TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın "Agusta Westland” şirkəti ilə birgə istehsal olunmaqdadır. İlk sınaq uçuşlarını 2011-ci ildə keçirib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir.

"T-129 ATAK” vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin "Roketsan” şirkətinin istehsalı olan 76 "hava-yer” tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir.

Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə silahlı qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.

"T-129 ATAK” vertolyotlarının Türkiyə silahlı qüvvələri tərəfindən istismara başlamasından sonra onun xarici müştəriləri də meydana çıxıb. "T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə Azərbaycandır.

2013-cü ildə əldə edilmiş anlaşmaya görə, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Lakin sövdələşmənin detalları, vertolyotların nə zaman təhvil veriləcəyi haqda məlumat yoxdur. Hərçənd ki, o vaxt TAİ-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan vertolyotların seriya istehsalına 2013-cü ildə başlayacağı açıqlanmışdı.

Hələlik bu vertolyotların Azərbaycan ordusunun silahlanmasına daxil olması barədə məlumat yoxdur. Bildirilir ki, Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən  bu vertolyotların alınmasına dair danışıqlar aparır.

Qeyd edək ki, Azərbaycanın silahlanmasında olan döyüş vertolyotları Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib.

İndi Türkiyədən 60 "T-129 ATAK” vertolyotlarının alınmasına dair sövdələşmə şübhəsiz ki, Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyünü daha da möhkəmləndirməklə yanaşı onu regionun ən güclü hava qüvvələrinə malik ölkələrindən birinə çevirəcək.

BAKU.WS