SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün gözlənildiyi kimi Bakının nəqliyyat sistemi iflic vəziyyətdə idi.

BAKU.WS
-in məlumatına görə, yollarda tıxaclarla bərabər sərnişin avtobuslarının işləmə qrafiklərində də böyük boşluqlar müşahidə olunurdu. Avtobus dayanacaqlarında marşrut gözləyən sərnişinlərin çoxluğu ilk baxışdan ərazidə böyük etiraz mitinqinin keçirilməsini xatırladırdı.

Avtobusların demək olar ki, hamısı qapısıaçıq gedirdi. Qapılardan sallanan sərnişinlər isə təhlükəsizliyi deyil, yalnız mənzilbaşına tez çatmaq haqqında düşünürdülər.

Əsasən də Biləcəri və digər kənar qəsəbələrdən gələn insanların üzündəki əzab və iztirabdan vəziyyətin necə pis olduğunu açıq görmək olardı. Baxmayaraq ki, Nəqliyyat Nazirliyi əvvəlcədən bəyanat vermişdi ki, gücləndirilmiş iş rejimində çalışacaqlar, lakin bu gün vəziyyət olduqca acınacaqlı idi. Maraqlıdır, əgər Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində çalışmasaydı, onda vəziyyət necə olardı?

Yollarda da heç ürəkaçan vəziyyət deyildi. Tıxaclarla dolu Bakı yollarında piyadaların keçməsi üçün böyük müşküllər vardı. İlk məktəb həyəcanını yaşayan birincilər məktəbə tez çatmaq üçün tələssələr də, şəhər sürücüləri onlara yol vermək istəmirdilər. Uşaqların əllərində tutan valideynlər isə inadla özlərini avtomobillərin altına atmaqdan çəkinmirdilər.

Yol polisləri isə kənardan aciz-aciz baş verənlərə baxıb, ara-sıra əllərindəki çubuğu saga-sola yelləyib, hərəkləti tənzimləməyə çalışırdılar.

Ziya Səccad
BAKU.WS