Mədəniyyət və İncəsənət Universitetində baş verən "intihara cəhdin” səbəbi bəlli olub. Yasamal Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, qeyd edilən təhsil ocağında heç bir intihara cəhd hadisəsi baş verməyib: "Universitetin "Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi Qismət Süleymanov dərsdən qaçmaq üçün təhsil müəssisəsinin 2-ci mərtəbəsinin pəncərəsindən tullanıb və yüngül xəsarət alıb. Onu xəstəxanaya aparıb və ilkin tibbi yardım göstəriblər. Hazırda vəziyyəti normaldır”.

Bu gün bir sıra yerli KİV-də Mədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.

Bildirilirdi ki, sözügedən təhsil müəssisəsinin "Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan "yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu səbəbdən də intihar etmək istəyib.

Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan "haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyir.

Mədəniyyət və İncəsənət Universiteti tələbənin özünü binadan atmasına münasibət bildirib. Universitetin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, "Kulturologiya" fakültəsinin 3-cü kurs tələbəsi Qismət Süleymanovun təhsil haqqına görə özünü atması doğru deyil: "Tələbə təhsil müəssisəmizdə ödənişsiz əsaslarla təhsil alır. Onun necə təhsil haqqı borcu ola bilər? Bu sadəcə ehtiyatsızlıqdır. Heç bir intihara cəhd yoxdur. Q. Süleymanov sabahdan etibarən dərslərdə iştirak edəcək”.

Universitetdən barəsində məlumat yayılan gəncin "Best model of Azerbaijan” müsabiqəsinin iştirakçısı olduğu bildirildi.
 
BAKU.WS