VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük müharibə çox gizlinlərə işıq saldı, xeyli tanınmaz qəhrəmanları üzə çıxardı. Bu gərgin döyüşlərdə tək ön cəbhədə mübarizə aparan igidləri yox, həm də elə onlar qədər qəhrəman və dönməz olan, doğma torpaqlara qayıtmaq ümidini bir gün belə itirməyən böyükləri tanıdıq. Onlardan biri də 1993-cü ilin soyuq günlərində Kəlbəcəri əlacsız, əliyalın tərk edən Mürsəlovlar ailəsidir. Onlar doğma ocaqdan gətirdiyi açarları bu günədək göz bəbəyi kimi qoruyurlar. Tezliklə o açarları götürüb, geri dönmək üçün.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, erməni işğalından zərər çəkən minlərlə azərbaycanlı ailəsi kimi onlar da 28 ilə yaxındır ki, doğma evlərindən, isti ocaqlarından didərgindirlər. Dövlətin hər cür qayğısı ilə əhatə olunmaqlarına baxmayaraq, daim geri dönmək ümidi ilə yaşayıblar.

Doğma el-obalarını, isti ocaqlarını tərk edərkən götürə bildikləri sadəcə bunlar olub: evinin həyətindən bir ovuc torpaq və bütün xoş anlarının toplaşdığı evinin açarları.

Kəlbəcəri tərk edən soydaşlarımız min bir əzab-əziyyətlə qarşılaşıblar. Özləri ilə bu torpaq və açardan başqa, demək olar ki, heç nə gətirə bilməyiblər.

Qəriblikdə 91 yaşa çatan Səfər baba o günlərin nisgilini unutmur, yada saldıqca sızıldayır.

Ancaq onlar həmişə geri dönəcəklərinə inanıblar. Kəlbəcərin işğaldan azad olunacağı xəbəri isə onların arzusunu gerçəyə çevirib.

İndi Mürsəlovlar bir an öncə doğma el-obalarına gedib illərdir soyuq qalan ocaqlarını isitməyin planlarını qurur, o anın yetişməyini gözləyirlər.

BAKU.WS
VİDEO