SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda dövlət tərəfindən görülən profilaktik və epidemiya əleyhinə tədbirlər çərçivəsində oktyabrın 12-dən həyata keçirilən qrip və SARS-a qarşı kütləvi peyvəndləmə başa çatıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Media.Az-a bu barədə danışıb.

Onun sözlərinə görə, peyvəndləmə ayı başa çatsa da, hər kəs yerli poliklinikaya müraciət edib mövsümi qripə qarşı peyvənd oluna bilər.

N. Mürsəlovanın sözlərinə görə, Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə kütləvi peyvəndləmə ilk növbədə səhiyyə işçiləri, altı aydan böyük olan uşaqları, tənəffüs sisteminin xroniki xəstəlikləri olan insanlar, habelə hamilə qadınları əhatə edib.

Mürsəlova deyir ki, bəzi insanlar peyvəndin pulsuz olduğu üçün keyfiyyətsiz olduğunu düşünür. Amma peyvənd pulsuz deyil, dövlət bunu öz hesabına alır, ona pul ayrılır. Bütün bunlar əhalimizin sağlamlığı üçün edilir:

“Bu günə qədər peyvənd sonrası fəsadlar, allergik reaksiyalar və ya digər mənfi təsirlərlə bağlı hal bildirilməyib”.

Mütəxəssis qeyd edir ki, peyvənd allergiya xəstələrinə və ya ümumiyyətlə digər peyvəndlərə qarşı şiddətli allergik reaksiyası olanlara tətbiq edilməməlidir. Xərçəng xəstələri yalnız onkoloqla məsləhətləşdikdən sonra peyvənd oluna bilərlər:

“Bu qripin profilaktikası üçün peyvənddir. Peyvənd edilən şəxs bir il ərzində xəstəlikdən tam qorunur, xəstələndiyi halda isə qripi yüngül formada keçirir. Təbii ki, peyvənd olunan da, olunmayan da qrip xəstələri ilə sıx təmasda olmamalı, özlərinə baxmalı, soyuq havada nazik geyinib gəzməməlidir. Bu qaydalara riaət etsələr 2020-2021-ci il mövsümündə qripə yoluxmayacaqlar.

ÜST meyarlarına görə qrip mövsümü oktyabr ayında başlayır və gələn ilin aprel ayına qədər davam edir. Xüsusilə pandemiya dövründə vətəndaşlar özlərinə qayğı göstərməlidirlər. Daha çox tərəvəz və meyvə yeməyə, immunitetlərini vitaminlərlə gücləndirməyə, düzgün qidalanmağa, mənzil və ya ofisdə olduqları otağı daim havalandırmağa çalışmalıdırlar. Bunlar mütləq diqqət yetirməli olunan əsas məsələlərdir”.

O qeyd edir ki, peyvənd olunmaq vətəndaşlar özəl və ya dövlət müəssisələrinə müraciət edə bilərlər:

“Ölkədə peyvənd olunmaq könüllüdür. Lakin hazırkı, koronavirusun geniş yayıldığı şəraitdə bu çox vacibdir. Həqiqət budur ki, bu gün mövsüm səbəbindən insanların immuniteti zəifləyib və onlar qarışıq infeksiyaya yoluxa bilər: koronavirus üstəgəl mövsümi qrip. Təəssüf ki, eyni zamanda bir neçə növ kəskin respirator infeksiyaya yoluxa bilərsiniz. Belə olduqda bədən hazırki şərtlərdə yüksək virus yükü ilə qarşılaşır, bu isə olduqca arzuolunmazdır”.

BAKU.WS