SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan-İran sərhədlərinin işğaldan azad edilməsi iki ölkə münasibətlərində yeni mərhələnin başlanmasına səbəb olacaq. Əslində Azərbaycanın İranla bağlı Ermənistan münasibətlərinə görə narahatlığı olsa da, rəsmi Tehran Dağlıq Qarabağda aparılan işğaldan azadetmə əməliyyatlarında özünü yaxşı tərəfdən göstərə bildi.

Belə ki, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, İran hava və quru məkanını Ermənistan üçün bağladı. Bu isə işğalçı ölkənin oksigeninin bir qədər azalmasına səbəb oldu. Hərbi əməliyyatlar başladıqdan sonra İranın müxtəlif qurum və nüfuzlu şəxsləri (dini liderlər, keçmiş ordu komandanları və sair) 30-dan çox bəyanat verdi. O cümlədən, İran Prezidenti Administrasiyasının rəhbəri, Ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri, İslam Şurası Məclisinin üzvləri, Hökumətin və Xarici İşlər Nazirliyinin mətbuat katibləri, Ali rəhbərin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri, nüfuzlu ayətullahlar (Ayətullah Nuri Həmədani və Ayətullah Nasir Məkarim Şirazi) Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunmasında, ərazi bütövlüyünün təmin olunmasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səsləndirdilər.

Son illərdə İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, tarixə və adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Xüsusilə son 5 ildə Azərbaycan-İran əlaqələri inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquqi bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb. Bu ilin yanvar-mart aylarında Azərbaycan və İran İslam Respublikası arasında ümumi dəyəri 88,52 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb.

Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir, onun 132 kilometri uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir. Çünki işğal edilmiş ərazilər “qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan, Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ağbənd qəsəbəsinin azad edilməsi Azərbaycan üçün yeni perspektivlər vəd edir. Həmin sərhəd ərazilərdə gediş-gəlişin necə təşkil olunacağı, ticarət, mal mübadiləsinin mümkünlüyü və digər məsələlər mərhələli şəkildə həllini tapacaq. Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq. Həmçinin sərhəd bölgələrinin dirçəlməsinə və əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası üçün də yeni imkanlar qazandırır. Bir sözlə, nəzarətə götürülən Ağbənd qəsəbəsi Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə çox böyük perspektivlər vəd edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə və inkişafına xidmət edəcək.

Həmin ərazilərin bərpası prosesində İran şirkətlərinin iştirakı, qarşılıqlı ticarət, gediş-gəliş hər iki tərəfə fayda gətirəcək, ümumilikdə bölgənin sürətli inkişafına səbəb olacaq. Azərbaycanın işğal altında olmayan əraziləri tərəfdən Azərbaycan və İranın bölgələrinin sosial-iqtisadi inkişafı ilə işğal altında olan ərazilərdə mövcud vəziyyətin müqayisəli təhlili aydın göstərir ki, qarşıdan gələn dövrdə bu bölgələri hansı gözəl perspektivlər gözləyir. Ölkələr arasında dövlət sərhədinin tam nəzarətə götürməsi Azərbaycan-İran arasında iqtisadi əlaqələri genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.

Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək, artıq “Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90%-i tamamlanıb. “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır.

Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bir sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi.

BAKU.WS