SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Çin Mərkəzi Bankı (PBoC) avqustun 11-12 tarixlərində ardıcıl sürpriz qərarlar qəbul edərək milli valyutası olan yuanı ucuzlaşdırıb. 

BAKU.WS-in məlumatına görə, 2008-ci il iqtisadi böhranından bu yana stabilliyini qoruyan yuan dollar qarşısında avqustun 11-i 2%, avqustun 12-i isə 1,53%-lik dəyər itirib. Bu gün isə 1,1%-lik devalvasiyaya gedən hökumət son üç gündə yuanı dollar qarşısında 4,5% ucuzlaşdırıb. Bu azalma son 20 ildə ən böyük devalvasiya hesab olunur. Çin Hökumətinin qərarı Asiya ölkələrinin valyutalarına da mənfi təsir edib. Yuanın ucuzlaşmasından zərər görən ölkələr arasında İndoneziya (1,4 faiz), Cənubi Koreya (1,1 faiz),  Malayziya (0.7 faiz) dəyər itirib. Pekinin devalvasiya adımına nisbətən müqavimət göstərən tək pul vahidi Yapon yeni olub. 

Çinin bu addımı Azərbaycandan da yan ötməyib. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyul ayının əvvəlindən Çin yuanında investisiyalara başlayıb. Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı (479 milyon dollar) həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında Çinin devalvasiya qərarını və Azərbaycanın bundan itirdiklərini şərh edib. Mütəxəssisin fikrincə, Çinin devalvasiyaya getməsi və yuanın ucuzlaşdırmasının əsas səbəbi ölkə iqtisadiyyatını səhm bazarında baş verən çöküşün mənfi təsirlərindən qorumaqdır: "Çin hökuməti milli valyutanın ucuzlaşması ilə ixrac qabiliyyətini artırmağa çalışır. Ölkə səhm bazarında uduzduğu vəsaitləri ixrac potensialını artırmaq yolu ilə bərpa etmək istəyir. Bununlada çin məhsullarının qiyməti daha da ucuzlaşcaq”.
 
V.Bayramov bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu Çin iqtisadiyyatına təxminən 500 milyon dollar həcmində investisiya yatırıb. Onun sözlərinə görə, Çin valyutasının məzənnəsinin düşməsi ARDNF-in yuanda saxladığı vəsaitlərdən əldə olunan gəlirlərinin azalmasına gətirib çıxarır: "Güman edirəm ki, Çin valyutasının ucuzlaşması davam edərsə, Azərbaycanın da zərərləri artacaq. ARDNF-in itkiləri Çin yuanının ucuzlaşma faizindən asılı olaraq dəyişəcək”.

500 milyon dolları yuanda saxlayan ARDNF Çin valyutasının 4,5%-lik ucuzlaşması ilə 22,5 milyon dollar itki ilə üzləşib. Son üç gündə baş verən proseslərin davam edəcəyi proqnozlaşdırılır.
 
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, Çin devalvasiyanı davam etdirməklə milli valyutasını biraz da ucuzlaşdırmağa çalışacaq: "Çünki avro devalvasiyaya getdikdən sonra Çin məhsullarının Avropa bazarına girməsi çətinləşdi. Məhz buna görə Çin valyutasını ucuzlaşdırır ki , Avropa və dünya bazarına daha ucuz məhsullar çıxara bilsin. Bununlada Çin, xarici bazara çıxardığı mallarının rəqabət qabiliyyətini genişləndirməyi hədəfləyir”. 
 
ŞAHİN Həbibov