VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan BBC-yə müsahibə verib. Jurnalist İohan Fişerin suallarını cavablandıran Paşinyan həm dilini dinc qoymayıb, həm də yalvarmaq sifətini işə salıb.

Paşinyan "Qarabağ Ermənistanındır, oranın əhalisinin 80 faizdən çoxunu ermənilər təşkil edib. Problem ondan ibarətdir ki, Azərbaycan ermənilərin orada yaşamamasını istəyir. Buna görə də Dağlıq Qarabağa hücumlar edir" kimi təxribatçı çıxışı əslində onun iç üzünü ortaya qoyub. Paşinyanın 80 faiz əhali ilə bağlı dediyi fikirləri bir az araşdırsaq, bunun nə qədər yalan və dezinformasiya olduğunun şahidi olarıq. Dağlıq Qarabağ bölgəsindən 789 min insanın məcburi köçkün həyatı yaşaması ilə bağlı statistika göstərir ki, Ermənitanın baş nazirinin təqdim etdiyi 80 faiz rəqəmi ağ yalandır.

Azərbaycan tərəfinin ermənilərin Qarabağda yaşamağını istəməməsi ilə bağlı iddialar da əsassızdır. Çünki rəsmi Bakı dəfələrlə müraciətlərində ermənilərin ötən illərdə olduğu kimi Qarabağ ərazisində yaşaya biləcəyini bəyan edib. Bunun üçün isə əsas şərt işğal altında olan torpaqların Azərbaycanın nəzarətinə keçməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması əsas şərtdir.

Dağlıq Qarabağa olunan hücumlar isə Ermənistanın işğalçı siyasətinə cavab xarakteri daşıyır desək, heç də yanılmarıq. Bu gün Azərbaycan ordusunun Dağlıq Qarabağ bölgəsindəki keçirdiyi əməliyyatlar məhz uzun illərdir davam edən işğal prosesini dayandırmaq və nəhayətdə regionda sülh yaratmaq istəyidir. Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisindən müxtəlif raket və mərmilərlə Azərbaycanın şəhərlərini atəşə tutması, dinc sakinlərini qətlə yetirməsi ermənilərə cavab verməyə vadar edir. Məhz buna görədir ki, başda Xankəndi olmaqla, Qarabağda hərbi obyektlər Azərbaycan ordusu tərəfindən darmadağın olunur.

Nikol Paşinyanın Qarabağı tez-tez Ermənistan ərazisi kimi təqdim etməsi əslində onun həm müharibə istəməsi, həm də danışıqlardan imtinası kimi qiymətləndirilir. Çünki Paşinyan bu çıxışının Azərbaycanda nə qədər etirazlara səbəb olacağını bildiyi halda qıcıq yaradacaq Qarabağ mövqeyini ortaya qoyur. Əslində Qarabağın Ermənistan olmaması BMT-dən tutmuş digər nüfuzlu təşkilat və ölkələrə kimi hamıya aydındır. Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olması və oranın əsl sakinlərinin öz evlərindən didərgin düşməsi dünyaya gün kimi aydın məsələdir.

BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi də onu göstərir ki, Ermənistan dünya üçün işğalçı tərəfdir. Paşinyan öz çıxışlarında qondarma Dağlıq Qarabağ respublikasını tərəf kimi göstərmək istəsə də, bunu heç bir təşkilat və ölkə ciddi saymır. Odur ki, Ermənistan hakimiyyətinin özünü işğalçı tərəf kimi göstərməmək cəhdləri heç bir nəticə vermir. Beynəlxalq qanunlar, BMT TŞ qətnamələri də göstərir ki, Qarabağ Azərbaycana məxsusdur.

"Qarabağ Ermənistandır" ifadəsi danışıqların tam tükənməsidir və Azərbaycana başqa seçim qoymur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın hazırki mövqeyinin danışıqlara yer qoymadığı barədə uzun müddətdir dediklərini əyani şəkildə təsdiq edir. Azərbaycan ordusunun 27 sentyabrda başlatdığı əks hücumlar da rəsmi Bakının nə qədər haqlı olduğunu göstərir. 

Maraqlıdır ki, Ermənistan baş naziri BBC-yə Qarabağla bağlı danışkarkən "biz güzəştə hazırıq" cümləsini işlədib. Paşinyanın bu sözləri əslində onun nə qədər səriştəsiz, savadsız və yaltaq birisi olduğunu ortaya qoyub. Görəsən, Paşinyan hansı güzəştə hazırdır? Azərbaycan faktiki olaraq Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatlarla işğal altındakı əraziləri azad etməklə məşğuldur. Paşinyanın Azərbaycana bu məsələdə güzəştə gedə biləcəyi nə ola bilər ki? Burada güzəşt yox, bir az düzəliş etsək, qanuni əraziləri Azərbaycana qaytarmaq və erməni birləşmələrinin bölgədən tez bir zamanda çıxarılması ola bilər. 

Nikol Paşinyan öz hakimiyyətini qorumaq, Qarabağda məğlubiyyəti unutdurmaq və ölkəsində hökm sürən böhrandan fikir yayındırmaq üçün pafoslu çıxışlar edərək ermənilər arasında xal qazanmaq niyyətindədir. Bütün variantları nəzərdən keçirən Paşinyan güzəşt məsələsini ortaya atmaqla lazım olarsa, yalvarmağa, diz çökməyə və bütün şərtlərlə razı olmaq üçün də ayaq yeri qoyur.

BAKU.WS