SİZİN REKLAM BURADA!
055 213 76 73


"O, mənim ən nümunəvi və perspektivli futbolçularımdan biri olub".

BAKU.WS xəbər verir ki, "Zirə"nin U-17 komandasının sabiq baş məşqçisi Rəşad Hüseynov Sportinfo.az-a açıqlamasında şəhid olan futbolçusu İlqar Bürcəliyev haqda danışıb.

Ermənilərin Qarabağda hücum əməliyyatları nəticəsində daha bir azərbaycanlı futbolçu dünyasını dəyişib. «Zirə»nin 17 yaşlılardan ibarət komandasının şərəfini qorumuş İlqar Bürcəliyev Tərtərdə qəhrəmancasına şəhid olub.

Gəncədə torpağa tapşırılan İlqar keçmiş baş məşqçisinin və klub rəhbərliyinin iştirakı ilə son mənzilə yola salınıb. R.Hüseynov mərhum futbolçusu barədə xatirələrini bölüşüb:

«O, komandamıza 2018-ci ilin avqustunda gəlmişdi. Haqqında mənə məlumat verəndən sonra demişdim ki, gəlsin yoxlanışa. Elə ilk gündən məndə özü barəsində çox müsbət fikir yaratmışdı.

Çalışqan və istiqanlı oğlan idi. Komandaya tez isinişdi, hamıyla qaynayıb-qarışdı. Onu kollektivin sıralarına daxil etdik, bir müddət sonra U-17 yığmasının seleksiya xarakterli toplanışına dəvət aldı.

İlqar mərifətli və yerini bilən uşaq kimi yadımda qalıb. Danışığından və hərəkətlərindən görünürdü ki, yaxşı ailə tərbiyəsi görüb. «Zirə»də işlədiyim müddətdə bir mənfi hərəkətini görmədim.

Hamımız ondan razı idik. Həqiqi hərbi xidmətə çağırılandan sonra ailəsi ilə əlaqəmiz qalırdı. Baxmayaraq ki, artıq «Zirə»də yox, «Sabah»da işləyirəm, atası ilə bir neçə dəfə danışmışdım.

Deyirdi ki, İlqar əsgərlikdən qayıdandan sonra yenə futbolla məşğul olmaq istəyir. Əsgərliyinin qurtarmasına 3 ay qalmışdı. Şəhid olması xəbərini alanda, çox pis oldum. İlqarın ölümünə inana bilmirdim.

«Zirə»nin baş meneceri Elman Himayətoğlu ilə danışdıq, birlikdə Gəncəyə getdik, dəfnində iştirak etdik. O səhnə, sadəcə, dəhşət idi. Hər şəhid xəbəri adamı üzür. Həmin şəhidin sənin tələbən olması isə… bir başqa hissdir.

Onu sözlə təsvir etmək qeyri-mümkündür. İlqarın yetişməsində, bir futbolçu kimi yetişməsində mənim nə haqqım varsa, ona halal edirəm. Üzərində nə əziyyətim olubsa, hamısı halal xoşu olsun.

Mən İlqarla fəxr edirəm! Çünki o, vətən, torpaq, Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalıb. Dəfni zamanı atası mənə «tələbən bu dünyadan getdi» dedi.

Həmin anda heç kim özünü saxlaya bilməz. Dəhşətli an idi.

Yəqin ki, «Zirə» rəhbərliyi şəhid futbolçusunun ailəsinə diqqət və qayğısını bundan sonra da əsirgəməyəcək. İlqarın ailəsi Bakıda yaşayır.

Burada heç kimləri olmadığı üçün onu Gəncədə dəfn etdilər. İlqarın «yeddi»sini verəndən sonra Bakıya qayıdacaqlar. Bilirəm ki, «Zirə» rəhbərliyi ailə Bakıya qayıdandan sonra onlarla bir daha görüşəcək, nə köməklik lazımdırsa, göstərəcək.

Mən çox istərdim ki, AFFA da bu hadisəyə münasibət bildirsin, İlqarın ölümü barədə beynəlxalq futbol ictimaiyyətini məlumatlandırsın. AFFA-nın UEFA ilə əlaqələri var, yaxşı olar ki, dünya bu hadisəni də bilsin, erməni təcavüzkarlarının mənfur əməllərindən xəbərdar olsun».

BAKU.WS
QALEREYA